Uşağın xarakteri dünyaya gəldiyi andan etibarən tədricən formalaşmağa başlayır. Onun ilk davranışları, insanlarla münasibəti, özünə və ətrafındakılara baxışı zamanla müxtəlif amillərin təsiri altında dəyişir. Bu prosesdə ailə uşağın ilk sosial mühiti kimi mühüm rol oynasa da, böyüdükcə dostlar, məktəb və ümumilikdə sosial çevrə də onun düşüncələrinə və davranışlarına təsir göstərir.
Bəs uşağın gələcəkdə xarakterinin formalaşmasında ailə mühiti yoxsa daxil olduğu sosial çevrə rol oynayır?
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova XeberPlus.com-a açıqlamasında bildirib ki, ailə uşağın gələcək mənəvi keyfiyyətlərinin formalaşmasında başlıca rol oynayır:

“Uşağın xarakterinin təməli ilk növbədə ailədə qoyulur. Uşaq dünyaya gəldiyi andan etibarən valideynlərinin davranışlarını, münasibətini, ünsiyyət formasını müşahidə edir və bir çox davranış modelini məhz ailədən öyrənir. Uşağa necə münasibət göstərilməsi, onun fikirlərinə nə qədər hörmət olunması, sərhədlərin necə qoyulması, valideynlərin bir-biri ilə necə ünsiyyət qurması gələcəkdə uşağın özünə münasibətinə, insanlarla əlaqələrinə və emosiyalarını idarə etməsinə ciddi təsir göstərir”.
Mütəxəssis qeyd edib ki, sosial ətrafın təsiri yeniyetməlik dövründə özünü daha çox göstərə bilir:
“Müəyyən yaşdan sonra sosial çevrənin də təsiri əhəmiyyətli dərəcədə artır. Məktəb, dostlar, müəllimlər, sosial media və ümumilikdə uşağın daxil olduğu mühit onun düşüncələrinə və davranışlarına təsir edə bilər. Xüsusilə yeniyetməlik dövründə yaşıdlarının fikri uşaq üçün çox önəmli ola bilir. Burada əsas məqam budur ki, güclü və sağlam ailə münasibətləri uşağa sosial təsirlərə qarşı bir növ psixoloji dayaq yaradır. Özünü dəyərli hiss edən, valideyni ilə açıq ünsiyyət qura bilən uşaq mənfi təsirlərlə qarşılaşdıqda bunu valideyni ilə bölüşməyə daha meyilli olur”.
Hömsöhbətimiz valideynlərə uşaqlarını dinləməyi, onların hisslərini anlamağı və davranışları ilə düzgün örnək olmağı tövsiyə edib:
“Ona görə də mən ailəni uşağın xarakterinin formalaşmasının başlanğıc nöqtəsi hesab edərdim, sosial çevrəni isə həmin təməlin üzərində təsir göstərən mühüm amil kimi qiymətləndirərdim. Valideynlərə ən vacib tövsiyəm isə uşağın yalnız davranışını deyil, həmin davranışın arxasında duran ehtiyac və emosiyanı da görməyə çalışmalarıdır. Çünki uşağın xarakterini formalaşdıran ən güclü vasitələrdən biri ona “sən necə olmalısan?” demək deyil, gündəlik davranışlarımızla ona “insan necə davranır?” nümunəsini göstərməkdir”.







