“Google” şirkəti Android telefonlardakı foto və videoların Windows kompüterlərinə avtomatik köçürülməsinə imkan verən yeni funksiya hazırlayır.
XeberPlus.com xəbər verir ki, bu barədə “Google”ın noyabr ayı üçün yayımladığı sistem yeniləməsi qeydlərində məlumat verilib.
Yeni funksiya sayəsində istifadəçilər telefonlarında saxlanılan foto və videoları hər dəfə əl ilə göndərmədən Windows kompüterlərinə avtomatik köçürə biləcəklər. Beləliklə, indiyədək əsasən cihazlar arasında fayl paylaşmaq üçün istifadə olunan “Quick Share” ehtiyat nüsxələrin yaradılması funksiyasını da yerinə yetirəcək.
Noyabr yeniləməsində “Google Password Manager” üçün də yenilik nəzərdə tutulub. İstifadəçilər eyni hesaba aid bir neçə şifrə və ya giriş açarı olduqda hansı məlumatın saxlanılacağını özləri seçə biləcəklər.
Bundan əlavə, Android cihazlarına ailə idarəetmə funksiyalarını bir yerdə birləşdirən “Family Hub” bölməsi əlavə olunacaq. “Google Play Protect” uzun müddət söndürüldükdə isə istifadəçilərə xatırlatma göndəriləcək.
“Google Play Store”da oyunlarla bağlı məlumatların təqdimatı da təkmilləşdiriləcək. Oyun səhifələrində istifadəçi rəyləri, oyun xüsusiyyətləri və oyunçu icmasının fəaliyyəti barədə qısa məlumatlar göstəriləcək.








