Çinli alimlər fiber-optik rabitə texnologiyasında yeni rekorda imza atıblar. Tədqiqatçılar xüsusi fiber-optik kabel vasitəsilə saniyədə 3,2 petabit məlumat ötürmə sürətinə nail olublar.
XeberPlus.com xəbər verir ki, bu göstərici eyni tədqiqat qrupunun ilin əvvəlində əldə etdiyi 2,5 petabitlik nəticəni geridə qoyub.
Təcrübə zamanı 10,3 kilometr uzunluğunda, 24 nüvəli xüsusi fiber-optik kabeldən istifadə edilib. Əldə olunan sürət nəzəri olaraq saniyədə 20 mindən çox 4K keyfiyyətli filmin ötürülməsinə bərabərdir. Lakin bu göstərici filmlərin ölçüsündən və sıxılma səviyyəsindən asılı olaraq dəyişə bilər.
Tədqiqatçılar məlumatların ötürülməsi üçün üç fərqli dalğa uzunluğu diapazonunda minlərlə paralel rabitə kanalından istifadə ediblər. Sistem məlumatları eyni vaxtda hər iki istiqamətdə ötürə bilir.
Yeni texnologiyanın əsas üstünlüklərindən biri yüksək sürətli məlumat ötürülməsinin real vaxt rejimində həyata keçirilməsidir. Bu, xüsusilə böyük həcmdə məlumatlarla işləyən süni intellekt sistemləri üçün mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, 24 nüvəli fiber-optik texnologiya gələcəkdə məlumat mərkəzləri arasında əlaqəni sürətləndirə, süni intellekt infrastrukturlarının inkişafına və 6G şəbəkələrinin qurulmasına töhfə verə bilər.
Bununla belə, rekord sürətin yaxın vaxtlarda adi ev internetində tətbiqi gözlənilmir. Texnologiyanın geniş istifadəsi üçün infrastruktur, avadanlıq xərcləri və mövcud şəbəkələrlə uyğunluq məsələləri həll edilməlidir.








