ABŞ-nin texnologiya nəhəngi “Apple” OLED ekranlı yeni “iPad mini” planşetini, həmçinin M6 prosessoru ilə təchiz edilmiş “iMac” və “MacBook Pro” kompüterlərini təqdim edib. Yeni cihazlar daha yüksək performansı və təkmilləşdirilmiş süni intellekt imkanları ilə diqqət çəkir.
XeberPlus.com xəbər verir ki, şirkətin yeni məhsullarının noyabrın 6-dan etibarən satışa çıxarılması planlaşdırılır.
Səkkizinci nəsil “iPad mini” əvvəlki modeldən fərqli olaraq 8,5 düymlük OLED ekranla təchiz edilib. Ekranın maksimum parlaqlığı 1200, kontrast nisbəti isə iki milyona birdir. Planşet A20 Pro prosessoru ilə işləyir və “Apple Intelligence” süni intellekt funksiyalarını dəstəkləyir.
Yeni planşetdə Wi-Fi 7, Bluetooth 6 və 12 meqapiksellik ön kamera da mövcuddur. Bundan əlavə, cihaz IP67 standartına uyğun olaraq toza və müəyyən şəraitdə suya qarşı davamlıdır.
Şirkətin təqdim etdiyi yeni “iMac” kompüteri isə “M6” prosessoru sayəsində əvvəlki nəsillə müqayisədə daha yüksək sürət təklif edir. “Apple”ın məlumatına görə, süni intellekt əməliyyatlarında performans beş dəfəyə, qrafik imkanları isə iki dəfəyə qədər arta bilər. Kompüter 24 düymlük 4,5K ekranını və altı dinamikli səs sistemini qoruyub saxlayıb.
Yenilənmiş 14 düymlük “MacBook Pro” modeli də “M6” prosessoru ilə təchiz olunub. Şirkət əvvəlki M5 modeli ilə müqayisədə qrafik performansının 30 faizə, süni intellekt əməliyyatlarının sürətinin isə 25 faizə qədər artdığını bildirir.









