Dünyanın ən böyük videoplatformalarından biri olan “YouTube” 2027-ci ildən etibarən video keyfiyyətini artıracaq yeni texnologiyanı istifadəyə verməyə hazırlaşır. Yenilik sayəsində istifadəçilər zəif internet bağlantısı ilə belə videoları daha keyfiyyətli və daha az fasilə ilə izləyə biləcəklər.
XeberPlus.com xəbər verir ki, platforma mövcud “AV1” standartını təkmilləşdirən “AV2” adlı yeni video sıxılma formatını tətbiq etməyi planlaşdırır. Yeni texnologiya əvvəlki standartla müqayisədə təxminən 30 faiz daha səmərəli sıxılma imkanı təqdim edir.
Bu o deməkdir ki, videoların görüntü keyfiyyəti qorunmaqla ötürülən məlumatın həcmi azaldıla bilər. Nəticədə internet sürəti aşağı olan istifadəçilər də yüksək keyfiyyətli videoları daha rahat izləyə biləcəklər.
“YouTube”un mühəndislik direktoru Des Kin bildirib ki, platformanın əsas məqsədi videoları mümkün qədər yüksək keyfiyyətdə və minimum fasilə ilə təqdim etməkdir. Onun sözlərinə görə, 2026-cı ilin martına olan məlumata əsasən, platformadakı videoların 90 faizindən çoxu artıq “AV1” formatında yayımlanır.
“AV2” texnologiyasının yalnız adi video izləmə təcrübəsini deyil, eyni zamanda bir neçə videonun paralel göstərilməsini və daha yüksək keyfiyyətli videogörüşləri də təkmilləşdirəcəyi gözlənilir.
Yeni formatın ilk mərhələdə 2027-ci ilin əvvəlindən “YouTube”un veb versiyasında istifadəyə verilməsi nəzərdə tutulur. Mobil tətbiqlər və ağıllı televizorlar üçün isə hələlik konkret tarix açıqlanmayıb.
Mütəxəssislərin fikrincə, texnologiyanın geniş yayılması cihazların prosessor və qrafik sistemlərinin “AV2” formatını dəstəkləməsindən də asılı olacaq. Buna görə yeniliyin bütün istifadəçilər üçün eyni vaxtda əlçatan olması gözlənilmir.








