Ali məktəb şagirdləri üçün yüksək nəticə əldə etmək artıq yalnız dərslikləri mənimsəmək və imtahanlara hazırlaşmaqla məhdudlaşmır. Repetitor yanına getmək bir çox ailə üçün təhsilin ayrılmaz hissəsinə çevrilib, əlavə hazırlıq almadan uğur qazanmaq isə getdikcə daha çətin görünür. Belə bir şəraitdə şagirdlərin bilik və bacarıqlarından çox, imtahana nə dərəcədə əlavə hazırlaşdıqları ön plana çıxır. Bu yanaşma repetitorsuz yüksək nəticə göstərməyi riskli seçimə çevirir.
Bəs repetitorsuz yüksək nəticə göstərmək niyə riskli seçimə çevrilib?
Mövzu ilə bağlı təhsil eksperti İlkin Məmmədkərimov XeberPlus.com-a açıqlamasında bildirib ki, repetitorluğa artan tələbat ailələrin maliyyə büdcəsinə təsir edir:

“Müasir təhsil sistemində şagirdlərin yüksək nəticə əldə etməsi üçün yalnız məktəb dərsləri ilə kifayətlənib-kifayətlənməməsi məsələsi aktuallığını qoruyur. Xüsusilə buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlərin repetitor yanına getməsi əlavə xərc yaradır və ailələrin üzərinə maliyyə yükü qoyur. Repetitorluğun geniş yayılması məktəbdə tədrisin keyfiyyəti, şagirdlər arasında imkan bərabərliyi və imtahan sisteminin tələbləri ilə bağlı suallar doğurur. Məktəb təhsili şagirdə zəruri bilik və bacarıqları qazandırmalı, onu müstəqil şəkildə imtahanlara hazırlaşmaq üçün kifayət qədər hazırlamalıdır”.
Ekspert qeyd edib ki, yüksək nəticə əldə etmək üçün repetitor yanına getmək məcburiyyətə çevrilməməlidir:
“Əgər şagird yüksək nəticə əldə etmək üçün mütləq əlavə hazırlığa ehtiyac duyursa, burada məktəbdə tədrisin təşkili və imtahan proqramının məzmunu arasında uyğunluq məsələsi araşdırılmalıdır. Digər tərəfdən, repetitorluğa ehtiyac bütün şagirdlər üçün eyni deyil. Bəzi şagirdlər məktəb proqramını mənimsəməklə yüksək nəticə əldə edə bilir, digərləri isə müəyyən fənlər üzrə əlavə izaha və sistemli hazırlığa ehtiyac duyurlar. Buna görə repetitor yanına getməyi avtomatik olaraq məktəbin uğursuzluğu kimi qiymətləndirmək düzgün olmazdı. Əsas problem əlavə hazırlığın şagirdin seçimindən çox, yüksək nəticə əldə etmək üçün zəruri şərt kimi qəbul edilməsidir. Ailənin maddi imkanları uşağın təhsil nəticələrinə təsir edirsə, bu, təhsildə bərabər imkanlar baxımından ciddi suallar yaradır. Məsələnin həlli üçün məktəblərdə əlavə məşğələlərin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin fərdi ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və imtahanlara hazırlıq imkanlarının bütün şagirdlər üçün əlçatan olması vacibdir”.
Mütəxəssis vurğulayıb ki, repetitorluq uğurun şərti olmamalıdır:
“Repetitorsuz yüksək nəticə göstərmək riskli seçim olmamalıdır. Şagird məktəbdə keyfiyyətli təhsil almalı, əlavə hazırlıq isə zərurət yarandıqda onun biliklərini möhkəmləndirən vasitə olmalıdır”.








