XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

Uşağın dərsə marağını necə artırmaq olar?

Uşağın dərs oxumağa maraq göstərməməsi bir çox valideynin qarşılaşdığı problemlərdən biridir. Bəzən uşaq saatlarla kitabın qarşısında otursa da, diqqətini dərsə verə bilmir. Valideynlər isə çıxış yolunu daha çox nəzarət etməkdə, danlamaqda və ya əlavə dərs yükləməkdə görürlər. Halbuki uşağın öyrənməyə marağının azalmasının arxasında fərqli səbəblər dayana bilər.

XeberPlus.com xəbər verir ki, araşdırmalar göstərir ki, uşağın özünü bacarıqlı hiss etməsi, seçim imkanının olması və böyüklər tərəfindən dəstəklənməsi onun öyrənmə motivasiyasına müsbət təsir edir. Buna görə də uşağı dərsə həvəsləndirmək üçün ilk növbədə onunla münasibətdə yanaşmanı dəyişmək vacibdir. Məsələn, birinci sinifə yeni başlayan uşaqdan yüksək performans gözləmək doğru seçim deyil. Onu dərsə həvəsləndirmək üçün isə çoxsayılı rəngarəng vasitələrdən,oyunlardan istifadə etmək lazımdır.

Riyaziyyata həvəsi olmayan uşağı motivasiya etmək üçün məntiq oyunları, pazllar, sudoku, hesablamaya əsaslanan stolüstü oyunlar və müxtəlif tapmacalar uşağın fərqinə varmadan riyazi düşünmə bacarığını inkişaf etdirə bilər. “Filankəsin uşağı bir göz qırpımında məsələni həll etdi, sən isə hələ hesablamağı bilmirsən” demək birbaşa uşağa travma yaşatmaq deməkdir.

Bu sözlərin əvəzinə, “Gəl birlikdə baxaq, harada çətinlik çəkirsən” demək daha faydalı ola bilər. Uşağın səhvlərini daim ön plana çıxarmaq onda uğursuzluq hissini gücləndirə bilər. Əksinə, kiçik irəliləyişlərini görmək və bunu qeyd etmək onun özünəinamını artıra bilər.

Dərsi uşağın gündəlik həyatı ilə əlaqələndirmək də marağı artıran üsullardan biridir. Riyaziyyatı alış-veriş zamanı hesablamalarla, biologiyanı heyvan və təbiət mövzuları ilə, coğrafiyanı səyahətlərlə əlaqələndirmək mümkündür. Uşaq öyrəndiyi məlumatın real həyatda harada işinə yarayacağını gördükdə mövzu onun üçün daha maraqlı görünə bilər.

Digər vacib məqam isə uşağa müəyyən seçimlər verməkdir. “İndi dərsini oxu” əvəzinə “Əvvəl riyaziyyat, yoxsa ingilis dili ilə başlamaq istəyirsən?” sualını vermək uşağa məsuliyyət hissi qazandıra bilər. Burada məqsəd dərsdən yayınmağa icazə vermək deyil, uşağın prosesdə özünü daha müstəqil hiss etməsinə şərait yaratmaqdır.

Valideynlər uşağın dərs oxuma vaxtına da diqqət etməlidirlər. Yorğun, ac və ya yuxusuz uşaqdan uzun müddət diqqətli olmasını gözləmək çətin ola bilər. Buna görə dərs və istirahət arasında balans yaratmaq, fasilələr vermək və uşağın yaşına uyğun rejim qurmaq daha məqsədəuyğundur.

Bəzən isə dərsə maraqsızlığın səbəbi başqa yerdə olur. Uşaq mövzunu başa düşmür, müəllimlə ünsiyyətdə çətinlik çəkir, sinifdə özünü rahat hiss etmir və ya müəyyən fəndən qorxur. Bu halda sadəcə “dərs oxu” demək problemi həll etmir. Əsas səbəbi müəyyənləşdirmək lazımdır.

Mütəxəssislərin yanaşmasına görə, uşağın dərsə münasibətinin formalaşmasında valideynin davranışı da böyük rol oynayır. Uşağa daim təzyiq göstərmək əvəzinə, onun suallarını dinləmək, çətinliklərini anlamaq və səyini qiymətləndirmək daha sağlam motivasiya yarada bilər.

Ən əsası isə uşağın yalnız qiymətinə deyil, öyrənmə prosesinə diqqət yetirməkdir. Çünki yüksək qiymət almaq üçün oxuyan uşaqla, yeni nəsə öyrənməkdən zövq alan uşaq arasında böyük fərq var. Məqsəd uşağı məcbur etmək yox, onda “Mən bunu bacara bilərəm” düşüncəsini formalaşdırmaqdır.

Beləliklə, uşağın dərsə marağını artırmaq üçün daha çox danlamaq və nəzarət etmək yox, onu dinləmək, dəstəkləmək, kiçik uğurlarını qiymətləndirmək və öyrəndiklərini real həyatla əlaqələndirmək daha effektiv yanaşma ola bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *