Rusiyada 42 yaşlı kişinin gözündə bitki toxumunun cücərməsi qeyri-adi tibbi hadisəyə səbəb olub. Şiddətli göz ağrısı və görmə problemləri yaşayan şəxsin gözündə aparılan müayinə zamanı kök atmağa başlamış toxum aşkarlanıb.
XeberPlus.com xəbər verir ki, hadisə Rusiyanın Sibir bölgəsində yaşayan Maksim Sleptsov adlı şəxsin başına gəlib. Qaynaqçı işləyən kişi yay aylarında balıq tutmaq və meşə giləmeyvələri toplamaq üçün təbiətə gedərkən üzünə ağac budağı dəyib.
Hadisədən sonra gözündə qızartı, sulanma və ağrı hiss edən kişi gözünü su ilə yuyaraq içərisinə düşən kiçik ağac qabığı parçasını çıxarıb. Narahatlığın keçdiyini düşünən Sleptsov əvvəlcə hadisəyə ciddi əhəmiyyət verməyib.
Lakin günlər keçdikcə ağrılar güclənib, baş ağrısı və ikili görmə problemi yaranıb. Bundan sonra o, Yakutsk şəhərində yerləşən təcili göz xəstəlikləri mərkəzinə müraciət edib.
Həkimlər müayinə zamanı kişinin gözünün ağ hissəsini örtən konyunktiva təbəqəsində cücərməyə başlamış bitki toxumu aşkar ediblər. Toxumdan çıxan kökə bənzər hissələrin göz toxumasına doğru irəlilədiyi müəyyən olunub.
Əməliyyatı həyata keçirən oftalmoloq Yelizaveta Karpova yerli keyitmə tətbiq edərək toxumu xüsusi iynə vasitəsilə çıxarıb. Müayinə zamanı toxumun kökünün təxminən 3 millimetr uzunluğunda olduğu məlum olub.
Tibbi müdaxilədən sonra kişinin göz və baş ağrılarının aradan qalxdığı bildirilib. Həkimlər belə qeyri-adi hadisə ilə ilk dəfə qarşılaşdıqlarını qeyd ediblər.
Mütəxəssislər gözə yad cisim düşdükdə onu ovuşdurmamağı, ağrı, qızartı və görmə pozuntuları davam etdikdə isə vaxt itirmədən göz həkiminə müraciət etməyi tövsiyə edirlər.








