“Samsung” şirkətinin 2027-ci ildə təqdim etməsi gözlənilən “Galaxy Z Fold 9” qatlanan smartfonu ilə bağlı yeni məlumatlar yayılıb.
XeberPlus.com xəbər verir ki, bu barədə “SamMobile” nəşri məlumat yayıb.
Bildirilir ki, “Galaxy Z Fold 9” modelinin daxili ekranında ön kamera birbaşa ekranın altında yerləşdirilə bilər.
Qeyd edək ki, “Samsung” bu texnologiyadan ilk dəfə 2021-ci ildə təqdim etdiyi “Galaxy Z Fold 3” modelində istifadə edib. Daha sonra “Galaxy Z Fold 4”, “Fold 5” və “Fold 6” modellərində də ekranaltı kamera tətbiq olunub. Lakin şirkət “Galaxy Z Fold 7” modelindən etibarən görüntü keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ənənəvi ön kameraya qayıdıb.
Məlumatlara əsasən, “Galaxy Z Fold 9” modelində daxili texniki imkanların əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi gözlənilir. Bununla belə, smartfonun xarici görünüşündə ciddi dəyişikliklərin olmayacağı bildirilir.
Digər iddialara görə, cihazın əsas və ultra genişbucaqlı arxa kameraları əvvəlki nəsildəki kimi 50 meqapiksellik ola bilər. Daha yüksək səviyyəli “Galaxy Z Fold 9 Ultra” modelində isə 200 meqapiksellik əsas kameranın saxlanılacağı proqnozlaşdırılır.








