Avstriyada 72 yaşlı ixtiraçı qoyunları canavar hücumlarından qorumaq üçün qeyri-adi vasitə hazırlayıb. Üç il üzərində işlədiyi tikanlı qoruyucu geyim həm fermerlərin marağına, həm də heyvan hüquqlarını müdafiə edən təşkilatların etirazına səbəb olub.
XeberPlus.com xəbər verir ki, Rudolf Şaubax adlı keçmiş fermer qoyunların bədəninə geyindirilən xüsusi qoruyucu tor hazırlayıb. İxtiraçının sözlərinə görə, bu vasitə canavarların heyvanları dişləməsinin qarşısını almaq məqsədi daşıyır.
Təxminən 2–3 kiloqram ağırlığında olan geyim plastik tikanlardan hazırlanıb. İxtiraçı hesab edir ki, canavar qoyuna hücum etdikdə tikanlar ona ağrı verəcək və yırtıcı hücumdan əl çəkəcək.
Lakin yenilik gözlənilməz etirazlarla qarşılaşıb. Heyvan hüquqları müdafiəçiləri qoruyucu geyimin qoyunların sərbəst hərəkətini məhdudlaşdıra və kolluqlara ilişərək onlara zərər verə biləcəyini bildiriblər.
2026-cı ilin mayında qoyun üzərində keçirilən sınaq da şikayətlərdən sonra dayandırılıb. Baytarın müdaxiləsi ilə heyvanın üzərindəki qoruyucu vasitə çıxarılıb. İxtiraçı isə qoyunun geyimlə normal hərəkət etdiyini və balasını problemsiz əmizdirdiyini bildirib.
Şaubax layihəyə indiyədək 50–60 min avro xərclədiyini açıqlayıb. O, hazırda qoruyucu geyimin daha yüngül formasını hazırlamaq və sınaqları başqa ölkədə davam etdirmək istəyir.









