Hindistanda həkimlər qeyri-adi tibbi hadisə ilə qarşılaşıblar. Sol göz qapağında şişkinlik yaranan 16 yaşlı yeniyetmənin göz yuvasında tam inkişaf etmiş köpək dişi aşkarlanıb.
XeberPlus.com xəbər verir ki, Göz Xəstəxanasına müraciət edən yeniyetmənin gözündəki şişkinlik təxminən bir ay əvvəl yaranıb. Müayinə və kompüter tomoqrafiyasından sonra dişin göz yuvasının yuxarı hissəsində inkişaf etdiyi müəyyənləşdirilib.
Həkimlər cərrahi əməliyyatla dişi uğurla çıxarıblar. Mütəxəssislərin bildirdiyinə görə, bu, göz yuvasının yuxarı hissəsində qeydə alınan ilk belə haldır. Dişin normalda yerləşməli olduğu yerdən kənarda inkişaf etməsi tibbdə “ektopik diş” adlanır.
Adətən belə dişlər üst çənənin burunətrafı boşluğunda müşahidə olunur. Həkimlər yeniyetmənin vəziyyətinin yaxşı olduğunu və bu halın təkrarlanma ehtimalının çox aşağı olduğunu bildiriblər.








