Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
XeberPlus APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Məmmədova xəsarət alıblar.
İlkin məlumata görə, partlayış evin mətbəx hissəsində baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Aparılan ilkin araşdırmalar zamanı ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.
Partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma davam etdirilir.







