Alimlər dənizin dərinliklərində yaşayan qeyri-adi balıq növünün yeni hərəkət qabiliyyətini üzə çıxarıblar. “Zirehli dəniz xoruzu” (armored searobin) adlanan bu balığın həm irəli, həm də geriyə doğru hərəkət edə bildiyi müşahidə olunub.
Çinin alimləri Cənubi Çin dənizində apardıqları araşdırma zamanı xüsusi kameralar vasitəsilə bu balığın dəniz dibində hərəkətini qeydə alıblar. Balığın sinə üzgəcləri zamanla ayağa bənzər quruluşa çevrilib və o, həmin çıxıntılardan istifadə edərək dənizin dibində “yeriyə” bilir.
Əvvəllər bu növün əsasən irəli hərəkət etdiyi düşünülürdü. Yeni müşahidələr isə onun təhlükə zamanı geriyə və yana doğru da hərəkət edə bildiyini göstərib. Alimlər hesab edir ki, bu xüsusiyyət balığa qida axtarışı və təhlükədən uzaqlaşmaq zamanı üstünlük verir.
Bu kəşf dəniz canlılarının milyon illər ərzində necə fərqli uyğunlaşmalar qazandığını bir daha göstərir.







