Kolumbiyanın qərbində 7,4 maqnitudalı güclü zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri San-Xose-del-Palmar şəhərindən təxminən 5 kilometr şərqdə yerləşib. Yeraltı təkanların ocağı 107 kilometr dərinlikdə qeydə alınıb.

Güclü zəlzələ paytaxt Boqota ilə yanaşı Medellin, Kali, Pereira, Manisales və ölkənin bir sıra digər şəhərlərində hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Zəlzələ nəticəsində yaşayış binaları və digər tikililərə ciddi ziyan dəyib. Hava limanları, xəstəxanalar, elektrik və telekommunikasiya infrastrukturu, eləcə də bəzi şəhərlərin su və ictimai nəqliyyat sistemlərində problemlər yaranıb.
Təbii fəlakətdən ən çox zərər çəkən ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Zəlzələ Kolumbiya ilə yanaşı, qonşu Ekvador və Panamanın bəzi bölgələrində də hiss olunub. Panamada təhlükəsizlik məqsədilə bir sıra binalar və tibb müəssisələri təxliyə edilib.
Kolumbiya hökuməti zəlzələdən sonra ölkədə “Milli Fəlakət Vəziyyəti” elan edib. Fövqəladə xidmətlər, ordu, polis, Qırmızı Xaç və könüllü xilasedicilər zərər çəkmiş bölgələrə cəlb olunub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 110-dan çox insanın həyatını itirdiyi bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam etdiyindən ölən və yaralananların sayının dəyişə biləcəyi qeyd olunur.
Mənbə: Anadolu Agentliyi







