Kamerun ilə Mərkəzi Afrika Respublikası sərhədində baş verən faciəvi hadisədə qızıl mədəninin çökməsi nəticəsində 100-dən çox mədənçi həyatını itirib.
Hadisə Zamboye kəndi yaxınlığında baş verib. Məlumata görə, mədən Mərkəzi Afrika Respublikası ərazisində yerləşirdi. Kamerunun Şərq bölgəsinin rəhbəri Qrequar Mvonqo bildirib ki, qəza zamanı bir neçə kamerunlu mədənçi də həyatını itirib.
Kamerun dövlət mediası ölənlərin sayının 100-dən çox olduğunu açıqlayıb. Yerli mənbələr isə dağıntılar altından 107 nəfərin cəsədinin çıxarıldığını bildirib.
Faciədən sonra xilasetmə qrupları dağıntılar altında qalan mədənçiləri tapmaq üçün işlərə başlayıb. Səlahiyyətlilər hələ də sağ qalanların olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
Hadisə bölgə sakinləri arasında böyük kədərə səbəb olub. Yerli sakinlərdən biri bildirib ki, ailələr günlərdir yas içindədir və bu faciəni qəbul etmək çox çətindir.
Afrikanın bəzi bölgələrində qeyri-rəsmi qızıl mədənləri minlərlə insan üçün əsas gəlir mənbəyidir. Lakin təhlükəsizlik qaydalarının zəif olması bu cür mədənlərdə ağır qəzalara səbəb olur.
Mənbə: Haberler







