Dünyanın tanınmış onlayn lüğət platformalarından biri olan “Dictionary.com” 2026-cı ilin sözünü açıqlayıb. Bu ada sosial şəbəkələrdə geniş yayılan “maxxing” ifadəsi layiq görülüb.
XeberPlus.com xəbər verir ki, platformanın redaktorları il ərzində dil və mədəniyyətdə baş verən dəyişiklikləri təhlil edərək namizəd sözlər arasından seçim ediblər.
“Maxxing” ifadəsi hər hansı işi mümkün olan ən yüksək səviyyəyə çatdırmaq və ya insanın həyatının müəyyən sahəsini maksimum dərəcədə yaxşılaşdırmaq mənasını verir.
Əvvəlcə internet forumlarında yaranan bu söz sonradan sosial şəbəkələrdə populyarlaşıb. İfadə ingilis dilindəki “maximum” və “maximize” sözlərindən götürülüb.
“Maxxing” həm müstəqil şəkildə, həm də başqa sözlərlə birləşdirilərək işlədilir. Məsələn, “looksmaxxing” insanın xarici görünüşünü mümkün qədər yaxşılaşdırmağa çalışmasını, “tokenmaxxing” isə müəyyən tapşırığı yerinə yetirərkən süni intellektin imkanlarından maksimum istifadə edilməsini ifadə edir.
Qeyd edək ki, 2026-cı ilin sözü adına digər namizədlər arasında “affordability” (əlverişli qiymət) və “data center” (məlumat mərkəzi) ifadələri də olub.








