İsveç hökumətinin ölkəni könüllü tərk etmək istəyən miqrantlara pul dəstəyi vermək qərarı gözlənilən effekti yaratmayıb.
XeberPlus.com xəbər verir ki, miqrantların öz ölkələrinə qayıtmasını təşviq etmək məqsədilə başladılan proqram çərçivəsində hər şəxsə 350 min İsveç kronuna qədər (təxminən 36 min dollar) maliyyə yardımının verilməsi nəzərdə tutulub. Lakin milyonlarla kronluq büdcəyə baxmayaraq, proqrama indiyədək cəmi 171 nəfər müraciət edib.
2026-cı ilin əvvəlində qüvvəyə minən proqram üçün İsveç hökuməti 344,15 milyon manat vəsait ayırıb. Dəstək əsasən Avropa İttifaqından kənar ölkələrin vətəndaşlarının könüllü şəkildə geri qayıtmasını təşviq etmək üçün nəzərdə tutulub.
İsveç Baş naziri Ulf Kristersson bu siyasətin hökumətin əsas prioritetlərindən biri olduğunu bildirib. Ancaq mütəxəssislər maliyyə dəstəyinin miqrantların geri qayıtmasına ciddi təsir etdiyini göstərən kifayət qədər sübut olmadığını deyirlər.
Proqram ölkədə siyasi müzakirələri də gücləndirib. Hökuməti dəstəkləyən İsveç Demokratları daha çox miqrantın geri qayıtmasını istəyir, müxalifət və insan hüquqları təşkilatları isə sərt miqrasiya siyasətinin cəmiyyətdə ayrı-seçkiliyi artıra biləcəyini bildirir.
Hazırda əhalisi təxminən 10,6 milyon nəfər olan İsveçdə xaricdə doğulmuş təxminən 2 milyon insan yaşayır.
Bəzi miqrantlar isə bu çağırışlara baxmayaraq ölkədə qalmaq niyyətindədir.







