XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

Husilər Səudiyyə Ərəbistanında hava limanı və neft obyektlərini hədəf aldı

Yəməndəki Husi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşən strateji obyektlərə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirdiyi iddia olunur. Hücumların əsas hədəfləri arasında Aramco enerji şirkətinin obyektləri və Kral Xalid Beynəlxalq Hava Limanı göstərilir.

XeberPlus.com xəbər verir ki, Husi hərbi sözçüsü Yəhya Sarea “Əl-Məsirə” telekanalında çıxışı zamanı qüvvələrinin Səudiyyə Ərəbistanının Şərq bölgəsində yerləşən Dəhran şəhərindəki Aramco obyektinə, paytaxt Riyaddakı neft emalı zavoduna və Kral Xalid Beynəlxalq Hava Limanına zərbələr endirdiyini bildirib.

Sarea hücum zamanı çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edildiyini iddia edib. Onun sözlərinə görə, hücum nəticəsində bəzi obyektlərdə yanğın baş verib və zərər qeydə alınıb.

Husi nümayəndəsi bildirib ki, əməliyyat Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin paytaxtı Səna və Husilərin nəzarətində olan digər ərazilərə qarşı əvvəlki zərbələrinə cavab məqsədi daşıyır.

Məlumata görə, Husilər qarşıdakı günlərdə də Səudiyyə Ərəbistanı ərazisinin dərinliklərinə yeni hücumlar həyata keçirəcəklərini açıqlayıblar. Onlar beynəlxalq aviaşirkətləri və vətəndaşları hədəf kimi göstərilən hava limanları və neft obyektlərindən uzaq durmağa çağırıblar.

Səudiyyə Ərəbistanı rəsmiləri isə hücumlarla bağlı bəzi məlumatları təsdiqləyiblər. Bildirilib ki, Dəhrandakı Aramco binası yaxınlığında baş verən hücum nəticəsində kiçik yanğın qeydə alınıb, Riyadda isə raket zərbələri nəticəsində dörd nəfər yaralanıb və bir neçə yaşayış binasına ziyan dəyib.

Qeyd olunur ki, son günlər Yəməndəki Husi qüvvələri ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya arasında gərginlik yenidən artıb. Tərəflər arasında qarşılıqlı raket və hava zərbələri regionda təhlükəsizlik narahatlıqlarını gücləndirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *