Banqladeşdə keçirilən hərbi təlim zamanı faciə baş verib. Ordunun tankla atış məşqi etdiyi vaxt zirehli texnika partlayıb, nəticədə 2 əsgər həyatını itirib, bir zabit isə ağır yaralanıb.
XeberPlus.com verir ki, hadisə Çattaqonq bölgəsində yerləşən poliqonunda baş verib. Banqladeş Ordusunun açıqlamasına görə, partlayış tankdan atəş açıldığı anda meydana gəlib.
Hadisə zamanı yaralanan zabit helikopterlə paytaxt Dəkkədə yerləşən hərbi xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Bəzi yerli mənbələr partlayan tankın Çin istehsalı Type-59 modeli olduğunu yazsa da, ordunun rəsmi açıqlamasında tankın modeli açıqlanmayıb.
Partlayışın səbəbi hələ müəyyən edilməyib. Araşdırma aparılır və hadisənin texniki nasazlıq, sursat problemi və ya başqa səbəbdən baş verdiyi araşdırılır.
Hadisə anına aid olduğu deyilən görüntülərdə tankdan atəş açıldıqdan dərhal sonra güclü partlayış baş verdiyi görünür. Lakin görüntülərin həqiqiliyi müstəqil şəkildə təsdiqlənməyib.







