Şəhərlərdə günəş enerjisi stansiyaları üçün boş ərazilərin azalması alimləri yeni həll yolları axtarmağa vadar edir. Cənubi Koreyada aparılan yeni araşdırma isə mövcud dəmir yolu infrastrukturlarından enerji istehsalı üçün istifadə etməyin mümkün ola biləcəyini göstərib.
XeberPlus.com xəbər verir ki, tədqiqatçılar dəmir yolu relslərinin arasında qalan boş sahələrə günəş panelləri yerləşdirməklə elektrik istehsal etmək imkanını araşdırıblar.
Araşdırmada Cənubi Koreyanın müxtəlif dəmir yolu xətləri, o cümlədən Seul və Busanı birləşdirən Gyeongbu xətti, metro xətləri və digər açıq dəmir yolu sahələri təhlil edilib.
Alimlər hesablayıblar ki, uyğun ərazilərdə xüsusi günəş panelləri quraşdırılarsa, 8,5 meqavatdan çox enerji gücü əldə etmək mümkündür.
Tədqiqatçılar hesab edirlər ki, istehsal olunan enerji birbaşa elektrikli qatarların ehtiyacını ödəmək üçün istifadə edilə bilər. Çünki dəmir yollarında elektrik tələbatı sabit olduğundan günəş enerjisindən daha səmərəli yararlanmaq mümkündür.
Lakin layihənin qarşısında müəyyən çətinliklər də var. Günəş panellərinin quraşdırılması, texniki xidmət, tozlanma və enerji saxlama sistemləri əlavə xərc tələb edir. Batareyalardan istifadə isə ümumi xərcləri artıra bilər.
Mütəxəssislərin fikrincə, belə layihələr xüsusilə sıx məskunlaşmış şəhərlərdə əhəmiyyətli ola bilər. Çünki yeni torpaq sahələri axtarmaq əvəzinə mövcud infrastrukturlardan istifadə etməklə əlavə enerji mənbələri yaratmaq mümkündür.








