İtaliyanın tarixi Como şəhərinin meri Alessandro Rapinese elektrikli velosiped qəzasından sonra şəhərin bəzi hissələrində velosiped istifadəsini məhdudlaşdırmaq qərarı verib.
Mer bildirib ki, bu qərar ictimai təhlükəsizliyi artırmaq məqsədi daşıyır. Sentyabr ayından etibarən şəhərin təxminən 30 küçəsini əhatə edən ərazidə velosipedçilər velosipedlərindən enərək yolu piyada davam etdirməli olacaqlar.
Hadisə iyul ayında meriyanın binasından çıxarkən baş verib. O, elektrikli velosipedlə toqquşub, lakin xəstəxanaya yerləşdirilməyib. Lakin bu hadisədən sonra şəhər mərkəzində nəqliyyat qaydalarının sərtləşdirilməsi gündəmə gəlib.
Yeni qaydalar əsasən turistlərin çox olduğu tarixi mərkəzə aiddir. Qərar həm elektrikli, həm də adi velosipedlərə şamil ediləcək. Səbəb kimi İtaliya yol qanunlarında bu iki növ arasında fərq qoyulmaması göstərilib.
Qərar yerli sakinlərin bir hissəsinin narazılığına səbəb olub. Civitas Como adlı vətəndaş qrupu qadağanı “mübahisəli və yanlış” adlandırıb, qərarın dayandırılması üçün imza kampaniyası başladılıb. Digər bir qrup isə sentyabrın 12-də etiraz velosiped yürüşü təşkil etməyi planlaşdırır.
Como şəhəri artıq avtomobillər üçün məhdud trafik zonası (ZTL) tətbiq edir. Yeni qaydalara əsasən bəzi nəqliyyat vasitələri üçün xüsusi icazə tələb olunacaq və şəhərə giriş günlərinə görə ödəniş tətbiq ediləcək.
Mənbə: trthaber.com







