ABŞ-ın Oreqon ştatının Bend şəhərində yerləşən ibtidai məktəbdə silahlı hücum baş verib. Hadisə nəticəsində 5, 8 və 11 yaşlı üç uşaq, eləcə də bir müəllim həyatını itirib. Hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə isə hadisə yerində başqa bir şəxs tərəfindən güllələnərək öldürülüb.
XeberPlus.com xarici medyaya istinadən xəbər verir ki, hadisə cümə axşamı Silver Rail ibtidai məktəbində baş verib. Polis rəsmilərinin bildirdiyinə görə, şübhəli şəxs məktəbin kilidli qapılarına atəş açaraq içəri daxil olub.
Hadisə zamanı daha bir 7 yaşlı uşaq və 54 yaşlı müəllim ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kritik olduğu bildirilir. Hücum edən şəxsin məktəblə hər hansı əlaqəsinin olub-olmadığı hələ məlum deyil.
Polisin məlumatına görə, hadisə barədə ilk çağırış yerli vaxtla saat 12:59-da daxil olub. Məktəbə daxil olan silahlı şəxsi yaxınlıqda olan bir nəfər təqib edərək ona atəş açıb. Polis əməkdaşları hadisə yerinə üç dəqiqə sonra çatanda şübhəlinin öldüyünü təsdiqləyiblər.
Oreqon ştatının qubernatoru Tina Kotek hücuma müdaxilə edən şəxsin hərəkətini yüksək qiymətləndirib. Hadisədən sonra Bend şəhərində sakinlər həlak olanların xatirəsini yad etmək üçün şamlarla anım mərasimi keçiriblər.
Hadisə ilə əlaqədar şəhərdəki məktəblərdə dərslərin cümə günü dayandırılacağı açıqlanıb. Hücumun səbəbləri və şübhəlinin kimliyi ilə bağlı araşdırma davam edir.








