Son illərdə uşaqların sosial mediadan istifadə yaşı getdikcə aşağı düşür. Telefon və sosial şəbəkələr uşaqların gündəlik həyatının bir hissəsinə çevrilsə də, bu vəziyyət onların real ünsiyyətinə, dostluq münasibətlərinə və sosiallaşmasına təsirləri ilə bağlı müzakirələr yaradır. Türkiyədə uşaqların sosial media istifadəsinə məhdudiyyət qoyulması məsələsi gündəmdə olduğu bir vaxtda Azərbaycanda da oxşar addımın atılmasının zəruriliyi sual doğurur.
Bəs Azərbaycanda da uşaqlara sosial media qadağası qoyulmalıdırmı?
Mövzu ilə bağlı fəlsəfə doktoru, sosioloq Kifayət Ağayeva XeberPlus.com-a açıqlamasında bildirib ki, uşaqların sosial media həyatından ayrılmasında psixoloji və pedapoji faktorlar önəmli rol oynayır:

“Qadağa bir divar olmamalıdır, uşağın rəqəmsal dünyada büdrəməsinin qarşısını alan bir qoruyucu məhəccəri olmalıdır. Məsələ uşağı rəqəmsal dünyadan tam təcrid etmək deyil, onu rəqəmsal dünyanın təhlükələrindən qorumaqdır. Qadağa təkbaşına həll yolu ola bilməz o, yalnız kompleks tədbirlər sisteminin bir hissəsi olduqda effektivdir. Uşaqlara sosial media məhdudiyyətinin qoyulması və bunun onların sosial-psixoloji inkişafına təsiri mövzusu həm hüquqi, həm pedaqoji, həm də psixoloji baxımdan çoxşaxəli bir məsələdir”.
Ekspert qeyd edib ki, azyaşlıların sosial şəbəkə istifadə etməsi onların uyğunsuz məzmunlarla tanış olmasına səbəb olur:
“Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi qlobal miqyasda prioritet məsələyə çevrilib. Avstraliya, Böyük Britaniya və Türkiyə kimi ölkələrdə uşaqların sosial media istifadəsinə 13-16 yaş həddi və ya ciddi nəzarət mexanizmləri tətbiq edilir. Azərbaycan kontekstində də bu məsələ gündən-günə aktuallaşır. Lakin məsələyə təkcə “tam qadağa” prizmasından deyil, “rəqəmsal təhlükəsizlik və tənzimləmə” prizmasından yanaşmaq daha sağlam nəticə verər. Erkən yaşda sosial media istifadəsi uşaqları kibermobbiq, rəqəmsal asılılıq və pedofiliya kimi risklərlə üz-üzə qoyur. Uşaqların prefrontal qabığı yəni, qərarvermə və emosional tənzimləmə mərkəzi tam formalaşmadığı üçün onlar sosial mediyanın manipulyativ alqoritmlərinə və müqayisə psixologiyasına qarşı daha müdafiəsiz olurlar”.
Mütəxəssi uşaqların sosiallaşmasına təsir edən amilləri vurğulayıb:
“Yaş kateqoriyalarına uyğun məhdudiyyətlər, valideyn nəzarəti mexanizmlərinin qanunvericiliklə gücləndirilməsi TikTok, Instagram və s. Kimi platformaların məsuliyyətinin artırılması daha effektiv yol ola bilər. Məhdudiyyətlərin uşaqların sosiallaşmasına təsirini iki əsas müstəvidən postiv və neqativ formadan qiymətləndirmək lazımdır. Sosial mediadan uzaqlaşan uşaq emosiya qurmaq, bədən dilini anlamaq və empatiya qurmaq kimi təməl sosial vərdişləri real mühitdə məktəb, həyət, dərnəklər və s. Daha yaxşı mənimsəyir. Virtual platformalardakı Passiv “like” və şərhlər əsl sosiallaşma deyil. Qadağa və ya məhdudiyyət uşağı idman, incəsənət və ya həmyaşıdları ilə birgə oyunlara istiqamətləndirir. Sosial mediyanın yaratdığı “mükəmməl həyat” İllüziyası uşaqlarda özünəqapanma və yetərsizlik hissi yaradır. Rəqəmsal təzyiq azaldıqda uşağın özünüqiymətləndirməsi və sosial özünəinamı artır. Mənfi Riskə isə əgər qadağa sistematik tətbiq olunarsa və ya alternativ sosial mühit yaradılmazsa, uşaq həmyaşıdlarının müzakirə etdiyi mövzulardan təcrid olunduğunu hiss edə bilər. Bu da uşağı rəqəmsal risklər qarşısında daha da müdafiəsiz edir”.
Həmsöhbətimiz uşaqları sosial mediadan uzaq tutarkən müəyyən aktivlikləri azaltmamağı söyləyib:
“Uşaqdan rəqəmsal dünyanı alırıqsa, əvəzində ona asudə vaxtını səmərəli keçirə biləcəyi idman, incəsənət və elm dərnəkləri, gənclər mərkəzləri təklif etməliyik. Həm məktəblərdə, həm də ailə daxilində uşaqlara sosial mediyanın düzgün və təhlükəsiz istifadəsi öyrədilməlidir. Tənzimləmə yalnız dövlət qadağası ilə deyil, valideynlərin maarifləndirilməsi və məsuliyyətli yanaşması ilə paralel aparılmalıdır”.








