XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

“Azərbaycana sahibkarın bazardakı rəqibi ilə mübarizə apardığı yeni iqtisadi yanaşma lazımdır”- Ekspertlə MÜSAHİBƏ

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, kiçik və orta bizneslərin gücləndirilməsi və innovativ startapların dəstəklənməsi dayanıqlı iqtisadi artımın əsas istiqamətlərindən hesab olunur. Xüsusilə daxili bazarda KOB-ların qarşılaşdığı maliyyə, satış və rəqabət imkanları ilə bağlı çətinliklər, eləcə də yerli startapların beynəlxalq bazarlara çıxışında yaranan maneələr sahibkarlar üçün yeni mexanizmlərin tətbiqini zəruri edir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov XeberPlus.com-a müsahibə verib:

-Asif bəy, içik və orta bizneslərin (KOB) dayanıqlılığını artırmaq üçün daxili bazarda hansı dəstək mexanizmlərinə daha çox ehtiyac var?

-“Problemin əsas səbəbi ayrı-ayrı proqramların və ya dəstək mexanizmlərinin olmaması deyil. Əsas problem tətbiq olunan modelin özünün kifayət qədər effektiv olmamasıdır. Mövcud yanaşma ilə iqtisadiyyatda dayanıqlı rəqabət mühiti, güclü özəl sektor və yüksək əlavə dəyər yaradan bizneslərin sayını tələb olunan sürətlə artırmaq mümkün deyil. KOB-lar bunun ən bariz nümunəsidir. Sahibkara kredit, təlim və müəyyən güzəştlər təqdim etmək olar. Amma sahibkarın qarşısında yüksək maliyyə xərcləri, bazara çıxış problemi, inzibati prosedurlar, iri şirkətlərlə rəqabətdə bərabər olmayan imkanlar və qeyri-müəyyənlik qalırsa, verilən dəstəyin təsiri məhdud olacaq. Sahibkara sadəcə pul vermək biznes siyasəti deyil. Sahibkara işləyə biləcəyi bazar, ədalətli rəqabət və proqnozlaşdırıla bilən mühit lazımdır. Bu gün KOB-ların ən böyük ehtiyaclarından biri daxili bazarda real satış imkanlarının genişləndirilməsidir. Dövlət satınalmalarında, iri şirkətlərin təchizat zəncirində və müxtəlif layihələrdə yerli KOB-ların daha fəal iştirakı təmin edilməlidir. Əks halda sahibkar istehsal edir, işçi çalışdırır, vergi ödəyir, amma məhsulunu satmaq üçün yenə də ciddi problemlərlə üzləşir”.

-Sizcə, qeyri-neft sektorunun inkişafı üçün başqa hansı addımların atılmasına ehtiyac var?

-“Qeyri-neft sektorunda da illərdir potensialdan danışırıq. Lakin potensialın olması hələ nəticə demək deyil. Azərbaycan xammal ixrac edən iqtisadiyyatdan yüksək əlavə dəyər yaradan iqtisadiyyata keçidi sürətləndirməlidir. Bunun üçün emal sənayesi, texnologiya, kənd təsərrüfatı və qida sənayesində dərin emal, logistika, turizm və digər qeyri-neft sahələrində rəqabətqabiliyyətli şirkətlərin formalaşmasına şərait yaradılmalıdır. Bunun qarşısındakı ən ciddi maneələrdən biri isə rəqabət mühitinin tam və effektiv işləməməsidir. Sağlam rəqabət olmadan innovasiya da, məhsuldarlıq da, keyfiyyət də uzunmüddətli inkişaf edə bilməz”.

-Yeni yaradılan startapların yerli bazardan qlobal bazara çıxışı üçün hansı çatışmazlıqlar aradan qaldırılmalıdır?

-“Startap yaratmaq, ona müəyyən status vermək və vergi güzəşti tətbiq etmək hələ innovasiya iqtisadiyyatı yaratmaq demək deyil. Əgər həmin startapın qlobal bazara çıxışı, investor tapmaq, beynəlxalq satış qurmaq və xarici tərəfdaşlarla işləmək imkanları yoxdursa, o, lokal miqyasda qalan kiçik bir biznesə çevrilə bilər. Azərbaycan startapı yalnız yerli bazarı üçün deyil, dünya bazarı üçün düşünülməlidir. Bunun üçün vençur kapital bazarı, beynəlxalq akseleratorlarla əlaqələr, texnoloji tərəfdaşlıqlar və xarici bazarlara çıxış mexanizmləri ciddi şəkildə gücləndirilməlidir. Beləliklə,artıq iqtisadi siyasətin effektivliyini keçirilən tədbirlərin, təqdim olunan layihələrin və ayrılan vəsaitlərin sayı ilə ölçmək olmaz. Əsas göstəricilər daha konkret olmalıdır. Neçə rəqabətqabiliyyətli şirkət yaranıb, neçə KOB böyüyüb, məhsuldarlıq nə qədər artıb, neçə yeni texnoloji məhsul yaradılıb və neçə Azərbaycan şirkəti qlobal bazara çıxa bilib?- kimi sualların cavabı axtarılmalıdır. Azərbaycana kosmetik dəyişikliklər deyil, daha rəqabətli, sahibkarın bazardakı rəqibi ilə mübarizə apardığı yeni iqtisadi yanaşma lazımdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *