ABŞ-də fəaliyyət göstərən “Marathon Fusion” şirkəti civəni qızıla çevirməyə nail olduğunu açıqlayıb. Şirkət əldə edilən qızılın sabit olduğunu və əvvəlki elmi nəticələri geridə qoyduğunu iddia edir.
XeberPlus.com xəbər verir ki, San-Fransiskoda yerləşən şirkət bu sahədə Avropa Nüvə Tədqiqatları Mərkəzinin rekordunu 10 dəfə üstələdiyini bildirib.
Civənin qızıla çevrilməsi ideyası təxminən 2 min il əvvələ gedib çıxır. Qədim simyaçılar adi metallardan qızıl əldə etməyə çalışsalar da, bu məqsədə yalnız müasir nüvə fizikası vasitəsilə çatmaq mümkün olub.
Şirkətin açıqlaması qızıl bazarının gələcəyi ilə bağlı da suallar yaradıb. “Marathon Fusion”un hesablamalarına görə, gələcəkdə nüvə sintezi elektrik stansiyalarında enerji istehsalı ilə yanaşı, müəyyən miqdarda qızıl da əldə etmək mümkün ola bilər.
Bununla belə, istehsal edilən qızılın dəqiq miqdarı və maya dəyəri açıqlanmayıb. Texnologiyanın kommersiya baxımından sərfəli olub-olmayacağı da hələ məlum deyil.
Mütəxəssislər üçün əsas sual artıq qızılın başqa metaldan əldə edilməsinin mümkünlüyü deyil, bu prosesin nə vaxtsa iqtisadi cəhətdən əlverişli hala gəlib-gəlməyəcəyidir.








