Fransada etiraz aksiyaları zamanı Apple mağazalarından oğurlanan iPhone telefonları qarətçilərə gözlənilməz sürpriz yaşadıb. Telefonları işə salmağa çalışan şəxslər cihazların bloklandığını və yerlərinin izlənildiyini göstərən xəbərdarlıqla qarşılaşıblar.
XeberPlus.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Lill şəhərindəki mağazadan oğurlandığı iddia edilən iPhone-un ekranında belə bir xəbərdarlıq əks olunub: “Zəhmət olmasa, cihazı Apple Lille mağazasına qaytarın. Bu cihaz deaktiv edilib və yeri izlənilir. Yerli hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.
Məlumata görə, Apple mağazalarında nümayiş etdirilən bəzi cihazlar xüsusi təhlükəsizlik sistemi ilə qorunur. Mağazadan icazəsiz çıxarılan telefonlar uzaqdan bloklana və istifadəyə yararsız hala gətirilə bilir.
Qeyd edək ki, Fransada keçirilən etiraz aksiyaları zamanı müxtəlif mağazalar qarət edilib. Yayılan məlumatlara əsasən, hadisələrlə əlaqədar təxminən 1800 nəfər saxlanılıb, 500-dən çox polis əməkdaşı isə xəsarət alıb.








