Ailədə uşaqlar arasında fərq qoymaq və onları bir-biri ilə müqayisə etmək bəzən adi valideyn davranışı kimi görünsə də, bu yanaşma zamanla bacı-qardaş münasibətlərinə mənfi təsir göstərə bilər. Bir uşağın digərindən daha ağıllı, daha bacarıqlı və ya daha uğurlu hesab edilməsi digərində dəyərsizlik hissi yarada, qısqanclığı artıra və doğmaları arasında rəqabətə səbəb ola bilər. Belə hallarda uşaqlar bir-birini dəstəkləmək əvəzinə, valideynlərinin sevgisini və diqqətini qazanmaq üçün yarışmağa başlayırlar. Uşaqlıqda yaranan bu hisslər isə gələcəkdə onların münasibətlərində soyuqluğa, incikliyə və emosional uzaqlaşmaya yol aça bilər.
Valideynlərin uşaqları bir-biri ilə müqayisə etməsi onların psixologiyasına və gələcək münasibətlərinə necə təsir göstərir?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova XeberPlus.com-a açıqlamasında bildirib ki, valideynin xüsusiyyətləri uşaqların gələcək davranışlarının formalaşmasına səbəb olur:

“Ailədə uşaqlar arasında fərq qoymaq və onları bir-biri ilə müqayisə etmək bəzən adi valideyn davranışı kimi görünsə də, bu yanaşma zamanla bacı-qardaş münasibətlərinə mənfi təsir göstərə bilər. Bir uşağın digərindən daha ağıllı, daha bacarıqlı və ya daha uğurlu hesab edilməsi digərində dəyərsizlik hissi yarada, qısqanclığı artıra və doğmaları arasında rəqabətə səbəb ola bilər. Belə hallarda uşaqlar bir-birini dəstəkləmək əvəzinə, valideynlərinin sevgisini və diqqətini qazanmaq üçün yarışmağa başlayırlar. Uşaqlıqda yaranan bu hisslər isə gələcəkdə onların münasibətlərində soyuqluğa, incikliyə və emosional uzaqlaşmaya yol aça bilər”.
Mütəxəsiss qeyd edib ki, belə hallar nəinki ailədə, hətta sosial mühitdə də baş verir:
“Orta məktəblərdə belə bəzən müəllimlər şagirdlər arasında fərq qoyurlar. Belə olan halda uşaqlar bir-birinə kömək etmirlər. Müqayisə etmək insanın psixologiyasını məhv edəcək səviyyəyə gətirir. Sonda isə bu proses ailədə və sosial mühitdə baş verən hadisələrin zəncirvari şəkildə davam etməsinə səbəb olur. Çünki insan özü haqqında düşünərkən ilk növbədə belə fikirlərə qapılır: “Onsuz da mənim valideynim də məni istəmirdi, hər zaman məni başqaları ilə müqayisə edirdi, müsbət xüsusiyyətlərimi görmürdü. Mən onsuz da bilirəm ki, məktəbdə də belə oldu, ailədə, məktəbdə, daha sonra isə iş mühitində də bu cür vəziyyətlə qarşılaşdım” və s. Bunları düşünməyin özü belə insanı mənfi düşüncələrin əhatəsində sıxıb-boğur. Bu da həmin insanların gələcəkdə uğurlu olmamalarına, bəzən isə müxtəlif mənfi təsirlərlə qarşılaşmalarına səbəb ola bilər”.
Ekspert vurğulayıb ki, istənilən formada qoyulan fərq insanın emosional olaraq neqativə köklənməsinə səbəb olur:
“Bir pozitiv düşüncənin qarşısında 12 neqativ fikir daim hərəkətdədirsə, həmin anda təsəvvür edin ki, gün ərzində insanın müxtəlif düşüncələrini bu neqativ fikirlər əvəz etməyə başlayır. Müsbət düşüncələrə yer qalmırsa, nəticədə insanın bu cür vəziyyətlə qarşılaşması təbii hal alır”.








