İsrailin cənubundakı Kiryat-Qat şəhərində ABŞ-ın texnologiya şirkəti Intel-ə məxsus çip istehsalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində bir işçi ölüb, iki nəfər isə ağır yaralanıb.
XeberPlus.com xarici mediyaya istinadən xəbər verir ki, partlayış zavodda yerləşən qaz balonlarından birinin hələlik məlum olmayan səbəbdən partlaması nəticəsində baş verib.
İlkin məlumata əsasən, bədənində ciddi yanıq xəsarətləri olan üç işçi xəstəxanaya çatdırılıb. Beer-Şeva şəhərindəki Soroka Xəstəxanası yaralılardan birinin öldüyünü, digər iki nəfərin isə reanimasiyada müalicəsinin davam etdiyini bildirib.
İsrailin yanğınsöndürmə və xilasetmə xidməti hadisə zamanı təhlükəli kimyəvi maddələrin ətrafa yayıla biləcəyi barədə xəbərdarlıq edib. Yedioth Ahronoth qəzetinin yazdığına görə, mümkün sızmanın çip istehsalında istifadə olunan azot triflorid qazı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Mütəxəssislər ərazidə kimyəvi təhlükənin səviyyəsini qiymətləndirirlər.
Kiryat-Qat bələdiyyəsi sakinlərə zavodun ətrafından uzaq durmağı tövsiyə edib. Yanğınsöndürənlər alovun mənbəyinin nəzarətə götürüldüyünü bildiriblər.
Hadisənin səbəbləri araşdırılır.








