XeberPlus

Ən son xəbərlər

Dünya

Dünyanın məşhur Luvr müzeyi bağlana bilər

Fransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Luvr muzeyi əsaslı təmir və yenidənqurma işləri aparılmadığı təqdirdə qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. Muzeyin direktoru Kristof Leribo binanın vəziyyətinin pisləşdiyini, infrastrukturun köhnəldiyini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

XeberPlus.com xəbər verir ki, bu barədə muzeyin direktoru Kristof Leribo “Le Figaro” qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, muzeyin təhlükəsizliyini təmin etmək məqsədilə təcili tikinti işləri aparılır, yeni müşahidə kameraları quraşdırılır və qoruyucu baryerlər yenilənir.

Direktor ötən il muzeydə baş verən oğurluq hadisəsindən sonra təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyini bildirib. Oğurluğun baş verdiyi qalereyada saxlanılan digər zinət əşyaları yeni mühafizə vitrinləri müəyyənləşdirilənədək oradan çıxarılıb. Muzeydəki bəzi qiymətli eksponatlar da mümkün oğurluq risklərinə qarşı daha təhlükəsiz yerlərə köçürülüb.

Leribonun sözlərinə görə, muzey yalnız təhlükəsizlik problemləri ilə deyil, həm də iqlim dəyişikliyi, kibertəhlükələr və köhnəlmiş texniki avadanlıqlarla bağlı çətinliklərlə üzləşir. Yay aylarında müşahidə olunan həddindən artıq isti hava səbəbindən ziyarətçilərin sayında 8 faiz azalma qeydə alınıb.

Binanın eskalatorları, işıqlandırma sistemi, tavanı və kondisioner avadanlıqları da təmirə ehtiyac duyur. Direktor muzeyin həddindən artıq izdihamlı olduğunu və hər il təxminən 9 milyon ziyarətçinin əsas giriş sayılan şüşə piramida vasitəsilə qəbul edilməsinin çətinləşdiyini vurğulayıb. O, giriş qiymətlərinin müəyyən qədər artırılması ehtimalını da istisna etməyib.

Muzey rəhbərliyi problemin həlli üçün “Luvrun Yeni İntibahı” adlandırılan genişmiqyaslı yenilənmə planını zəruri hesab edir. Leribonun sözlərinə görə, bu layihənin həyata keçirilməsi 15 ilə qədər davam edə bilər. Təmir və yenidənqurma işlərinin başlanması üçün 2027-ci il prezident seçkilərindən sonra formalaşacaq Fransa hökumətinin qərarı mühüm rol oynaya bilər.

Direktor xəbərdarlıq edib ki, Luvr vaxtında təmir olunmasa, müasir tələblərə uyğunlaşdırılmasa və yenilənməsə, nüfuzunu sürətlə itirə, nəticədə isə ictimaiyyət üçün bağlana bilər. Hazırda muzeydə təxminən 35 min sənət əsəri nümayiş etdirilir və onun bağlanması dünya mədəniyyəti üçün ciddi itki olardı.

Xatırladaq ki, 19 oktyabr 2025-ci ildə Luvr muzeyində baş verən oğurluq beynəlxalq gündəmdə geniş əks-səda doğurmuşdu. Dörd nəfərin iştirak etdiyi və təxminən yeddi dəqiqə davam etdiyi bildirilən hadisə zamanı tarixi dəyərə malik səkkiz zinət əşyası oğurlanmışdı. Şübhəlilər sonradan saxlanılsa da, oğurlanan tarixi əşyaların taleyi ilə bağlı qeyri-müəyyənlik davam edirdi.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *