Gündəlik həyatın qayğıları, iş və ailə məsuliyyətləri arasında insanlar çox vaxt öz ehtiyaclarını arxa plana keçirirlər. Gün ərzində hər kəsə və hər işə vaxt ayırmağa çalışan insan bəzən özünə gələndə yorğunluqdan başqa heç nəyə gücünün qalmadığını hiss edir. Maraqlıdır ki, bəzi hallarda insanın özünə vaxt ayırmasına mane olan səbəb təkcə sıx qrafik deyil. Günahkarlıq hissi, daim faydalı olmaq istəyi, başqalarını məyus etmək qorxusu və şəxsi sərhədlər qoya bilməmək də bu vəziyyətdə mühüm rol oynayır. Nəticədə insan öz istəklərini və emosional ehtiyaclarını davamlı olaraq təxirə salır, istirahəti isə sanki yerinə yetirilməli olan bütün işlər bitdikdən sonraya saxlayır. Bu vərdiş uzun müddət davam etdikdə yorğunluq və daxili gərginlik arta, insanın emosional tarazlığına mənfi təsir göstərə bilər.
İnsanların özlərinə vaxt ayıra bilməməsinin arxasında hansı psixoloji səbəblər dayanır?
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva XeberPlus.com-a açıqlamasında bildirib ki, insanların bir çox işi görməyə çalışması onları istirahət etməkdən uzaqlaşdırır:

“İnsanların özlərinə vaxt ayırmaqda çətinlik çəkməsinin arxasında çox zaman sadəcə “vaxt çatışmazlığı” deyil, daha dərin psixoloji səbəblər dayanır. Müasir həyat tempində insan eyni anda bir çox rolu yerinə yetirməyə çalışır məsələn, işçi, valideyn, həyat yoldaşı, övlad, dost və s. Bu rolların hər biri müəyyən məsuliyyət tələb etdiyi üçün insan çox vaxt öz ehtiyaclarını sonuncu yerə qoyur”.
Ekspert məsələni psixoloji aspektdən izah edib:
“Bəzi insanlar özlərinə vaxt ayırdıqda bunu eqoizm kimi qəbul edirlər. Xüsusilə ailə və iş məsuliyyəti yüksək olan şəxslərdə “mən dincəlsəm, başqalarının işini yarımçıq qoymuş olaram” və ya “özümə vaxt ayırmağa haqqım yoxdur” kimi düşüncələr formalaşa bilər. Halbuki, psixoloji baxımdan özünə vaxt ayırmaq eqoizm deyil, emosional resursların bərpasıdır. Digər mühüm səbəb daim məhsuldar olmaq ehtiyacıdır. Müasir cəmiyyətdə məşğul olmaq çox vaxt uğur göstəricisi kimi təqdim edilir. İnsan bir müddət heç nə etmədən istirahət etdikdə özünü faydasız və ya günahkar hiss edə bilər. Bu da onun daxili olaraq daim fəaliyyət göstərməsinə, istirahəti belə planlaşdırılmış vəzifəyə çevirməsinə səbəb olur. Nəticədə insan fiziki olaraq dincəlsə belə, zehni olaraq dincələ bilmir”.
Mütəxəssin fikirincə, insan bəzən gündəlik qayğılar içində özünü unudur, daxili narahatlıqlarından qaçır və başqalarına vaxt ayırarkən öz ehtiyaclarını görməzdən gəlir:
“Bəzi hallarda isə insan özünə vaxt ayırmaqdan ona görə qaçır ki, sakitlikdə öz düşüncə və emosiyaları ilə üz-üzə qalır. Daim işlə, telefonla, sosial media ilə və ya digər fəaliyyətlərlə məşğul olmaq bəzən narahatlıq yaradan hisslərdən uzaqlaşma üsuluna çevrilə bilər. İnsan dayandığı anda yorğunluğunu, narazılığını, tənhalığını və ya daxili gərginliyini daha çox hiss edə bilər. Buna görə də bəzən “vaxtım yoxdur” ifadəsinin arxasında “öz hisslərimlə qalmaq mənim üçün çətindir” vəziyyəti dayanır. Sərhəd qoya bilməmək də çox vacib amildir. Hər kəsin istəyinə cavab vermək, “yox” deməkdə çətinlik çəkmək və daim başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutmaq insanın özünə ayırdığı vaxtı tədricən azaldır. Uzun müddətdə bu, emosional tükənməyə, əsəbiliyə, motivasiyanın azalmasına və münasibətlərdə narazılığa səbəb ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, özünə vaxt ayırmaq insanın emosional gücünü bərpa etməsi və gündəlik həyatın yorğunluğundan uzaqlaşması üçün vacibdir:
“Özünə vaxt ayırmaq dedikdə isə mütləq uzunmüddətli tətil və ya xüsusi fəaliyyət nəzərdə tutulmur. Bəzən gün ərzində qısa müddət sakit qalmaq, gəzmək, kitab oxumaq, sevdiyi fəaliyyətlə məşğul olmaq və ya sadəcə heç bir öhdəlik olmadan dincəlmək də insanın emosional balansını bərpa edə bilər. Burada əsas məsələ insanın öz ehtiyaclarını da digər məsuliyyətləri qədər legitim qəbul etməsidir. Çünki daim başqalarına enerji vermək üçün insanın əvvəlcə öz emosional resurslarını bərpa etməsi lazımdır. Özünə vaxt ayırmaq məsuliyyətlərdən qaçmaq deyil, həmin məsuliyyətləri daha sağlam şəkildə davam etdirə bilmək üçün özünü qorumaqdır”.








