XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-da 81 ildən sonra ilk dəfə əsgər güllələnərək edam ediləcək

ABŞ ordusunda 81 ildən sonra ilk dəfə ölüm hökmünün güllələnmə yolu ilə icra edilməsi planlaşdırılır. 2009-cu ildə Texas ştatındakı Fort Hood hərbi bazasında 13 nəfəri öldürən keçmiş mayor Nidal Hasan güllələnərək edam ediləcək.

XeberPlus.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pete Hegsethin tövsiyəsi əsasında Nidal Hasanın hərbi atıcı dəstə tərəfindən edam edilməsini təsdiqləyib. Pentaqonun sözçüsü Sean Parnell qərarı ictimaiyyətə açıqlayıb.

ABŞ ordusunun keçmiş psixiatrı olan Hasan 5 noyabr 2009-cu ildə Fort Hood bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə qəsdən adam öldürmə və adam öldürməyə cəhd ittihamları üzrə ölüm cəzasına məhkum edilib.

Yeni məlumata əsasən, edamın 3 dekabr 2026-cı ildə elə Fort Hood hərbi bazasında həyata keçirilməsi planlaşdırılır. Bununla belə, Hasanın federal məhkəməyə əlavə müraciət etməsi edamın təxirə salınmasına səbəb ola bilər.

Əgər hökm icra olunarsa, bu, ABŞ ordusunda 1961-ci ildən bəri həyata keçirilən ilk edam olacaq. Həmin il əsgər John Bennett asılaraq edam edilmişdi.

Güllələnərək edam baxımından isə daha uzun fasilədən söhbət gedir. ABŞ ordusunda bu üsulla son edam 1945-ci ildə, İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən Eddie Slovik barəsində həyata keçirilmişdi.

Hasanın edamı baş tutarsa, ABŞ ordusu 81 ildən sonra ilk dəfə ölüm hökmünü atıcı dəstə vasitəsilə icra etmiş olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *