Süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlar davam edir. Dünyanın ən tanınmış texnologiya rəhbərlərindən biri olan Bill Gates süni intellektin nəzarətdən çıxacağı halda insanlıq üçün ciddi risklər yarada biləcəyini bildirib.
XeberPlus.com xəbər verir ki, Microsoft-un qurucusu Bill Gates “The New York Times” qəzetinə verdiyi müsahibədə süni intellektin potensial təhlükələrindən danışıb. O bildirib ki, lazımi təhlükəsizlik tədbirləri görülməsə, texnologiyanın yaratdığı bioloji, kiber və psixoloji risklər onun faydalarından daha sürətlə yayıla bilər.
Gates qeyd edib ki, süni intellekt digər texnologiyalardan fərqli olaraq çox sürətlə inkişaf edir və onun imkanları hələ tam başa düşülməyib. O, qarşıdakı illərin bu sahədə təhlükəsizlik baxımından çox vacib dövr olacağını vurğulayıb.
Microsoft-un qurucusu nəzarətin itirilməsi ehtimalına diqqət çəkərək, “Pişiklər və itlər bizim üçün nədirsə, süni intellekt üçün də insanlar o vəziyyətə düşə bilər” fikrini səsləndirib.
Gates həmçinin süni intellektin bioloji hücumlar, kiber təhlükələr və mühüm sistemlərə qarşı istifadə oluna biləcəyini bildirib. Onun sözlərinə görə, açıq mənbəli süni intellekt modellərində təhlükəsizlik mexanizmlərinin zəiflədilməsi riski mövcuddur.
Texnologiya nəhəngi süni intellekt şirkətlərinin özünü nəzarət etməsinə tam güvənməyin düzgün olmadığını deyərək, daha ciddi qaydaların və beynəlxalq nəzarət mexanizmlərinin tətbiq edilməsinin vacibliyini vurğulayıb.








