XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

Ərzaq qiymətləri niyə artır? – Ekspert AÇIQLADI

Süfrəyə qoyulan ərzaq məhsullarının qiyməti bəzən qısa müddətdə nəzərəçarpacaq dərəcədə dəyişir. Ət, süd məhsulları, tərəvəz, meyvə, un və digər gündəlik tələbat məhsullarının bahalaşması isə birbaşa ailələrin xərclərinə təsir göstərir. Qiymət artımı yalnız məhsulun öz dəyəri ilə bağlı olmur, istehsal və daşınma xərclərindən tutmuş mövsümi dəyişikliklərə, idxaldan və bazardakı tələb-təklif nisbətinə qədər bir sıra amillər ərzaq qiymətlərinin formalaşmasında rol oynayır.

Bəs ərzaq məhsullarında qiymət artımına səbəb olan amillər nələrdir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov XeberPlus.com-a açıqlamasında bildirib ki, ərzaqlara artan təlabatla, baş verən bahalaşma insanların digər ehtiyaclarını qarşılamasına maneə olur:

“Ərzaq qiymətlərinin artımına yalnız iqtisadi statistika kimi baxırıq, amma səhv edirik. Bu, birbaşa ailə büdcəsinə və insanların həyat səviyyəsinə təsir edən sosial məsələdir. Burada iqtisadiyyata çoxdan məlum olan Engel qanunu mühüm izah verir – ailənin gəliri azaldıqca və ya gəlir artımı qiymət artımını kompensasiya etmədikcə, onun büdcəsində ərzaq xərclərinin payı yüksəlir. Məsələn, yüksək gəlirli ailə ərzağa ayda 500 manat xərcləyirsə, bu onun gəlirinin nisbətən kiçik hissəsidir. Amma eyni məbləğ aşağı gəlirli ailənin büdcəsinin böyük hissəsini təşkil edə bilər. Ona görə də çörək, ət, süd məhsulları, yağ, tərəvəz və digər gündəlik ərzaqların bahalaşması ilk növbədə aşağı və orta gəlirli təbəqənin real gəlirini azaldır. Belə olan halda ərzaq qiymətlərində artımın səbəbləri də ciddi araşdırılmalıdır”.

Ekspert qeyd edib ki, ərzaq qiymətlərinin formalaşmasında təkcə istehsal xərcləri deyil, məhsulun istehlakçıya çatana qədər keçdiyi bütün mərhələlər mühüm rol oynayır:

“Əslində Azərbaycanda inflyasiyanın baş verməsinə təsir edən çoxsaylı amillər var. Dünya bazarındakı qiymətlər, idxaldan asılılıq, kənd təsərrüfatında maya dəyəri, yanacaq və logistika xərcləri müəyyən rol oynayır. Lakin qiymətin istehsalçıdan istehlakçıya qədər hansı mərhələdə və nə qədər artdığını da görmək lazımdır. Fermerin satış qiyməti ilə mağazadakı son qiymət arasında böyük fərq varsa, həmin fərqin iqtisadi əsaslandırması şəffaf olmalıdır”.

Mütəxəssisin fikirincə, bahalaşma azgəlirli ailələrin həyat səviyyəsini olduqca aşağı salır:

“Sahibkarın xərcləri günü-gündən artır. Amma bu, səbəb deyil, nəticədir. Səbəb ölkədə tətbiq olunan iqtisadi modeldir. Elə bir iqtisadi model formalaşdırılmalıdır ki, sahibkarın istehsal və fəaliyyət xərcləri davamlı şəkildə artmasın, məhsuldarlıq yüksəlsin, daxili istehsal genişlənsin və bazarda rəqabət güclənsin. Engel qanununun verdiyi əsas mesaj da budur yəni, ərzaq inflyasiyası bütün vətəndaşlara eyni təsir göstərmir. Gəlirinin böyük hissəsini ərzağa xərcləyən ailə üçün ərzağın 10-15 % bahalaşması sadəcə qiymət artımı deyil, həyat səviyyəsinə birbaşa zərbədir”.

Həmsöbətimiz vurğulayıb ki, qida qiymətlərini sabitləşdirmək üçün daxili istehsal və rəqabət daha da gücləndirilməlidir:

“Əsas məsələ ərzağın maya dəyərini aşağı salmaq, daxili istehsalı gücləndirmək, rəqabəti artırmaq, təchizat zəncirində əsassız marjaları azaltmaq və əhalinin real gəlirini qorumaqdır. Çünki ərzaq bahalaşmasını gəlirinin böyük hissəsini gündəlik istehlaka xərcləyən ailələr daşıyır. Belə olduqda iki çıxış yolumuz qalır. Ya biz Azərbaycanda rəqabətqabiliyyətli istehsal qurmalıyıq, məhsuldarlığı artırmalı, daxili bazarı keyfiyyətli və münasib qiymətli yerli məhsullarla təmin etməliyik, ya da Ümumdünya Ticarət Təşkilatına üzvlük olmalıyıq ki, ucuz məhsul əldə edə bilək”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *