XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

ABŞ-da “ət yeyən bakteriya” həyəcanı

ABŞ-ın Luiziana ştatında “ət yeyən bakteriya” kimi tanınan Vibrio vulnificus infeksiyası ilə bağlı narahatlıq artıb. Ştatın Səhiyyə Departamentinin məlumatına görə, ilin əvvəlindən indiyədək 9 yoluxma faktı qeydə alınıb və xəstələrdən 5-i həyatını itirib.

Məlumata əsasən, yoluxma hallarının hamısı bədənində açıq yara olan şəxslərin dəniz suyu ilə təmasından sonra baş verib. Yoluxan insanların daha əvvəl mövcud olan sağlamlıq problemlərinin də olduğu bildirilib.

Açıqlanan göstəricilər Luizianada əvvəlki illərin orta statistikasından xeyli yüksəkdir. Əvvəlki illərdə ştatda orta hesabla 7 yoluxma və 1 ölüm halı qeydə alınırdısa, bu il bir neçə ay ərzində artıq 5 nəfər həyatını itirib.

Vibrio vulnificus bakteriyasına əsasən isti və sahilə yaxın sularda rast gəlinir. Luiziana Səhiyyə Departamenti bakteriyanın xüsusilə suyun temperaturunun yüksəldiyi may-oktyabr aylarında daha geniş yayıldığını bildirib.

Bakteriya açıq yara və ya kəsik dəniz suyu ilə təmas etdikdə orqanizmə daxil ola bilər. Digər yoluxma yolu isə, xüsusilə çiy və ya kifayət qədər bişirilməmiş istridyə və digər qabıqlı dəniz məhsullarının istehlakıdır.

İnfeksiya nadir hallarda rast gəlinsə də, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xəstələrdə qusma, ishal, qarın ağrısı, hərarət, şişkinlik və dəri infeksiyası kimi əlamətlər müşahidə oluna bilər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, Vibrio vulnificus infeksiyasına yoluxan hər 5 nəfərdən təxminən biri həyatını itirə bilər.

Səhiyyə qurumları açıq yarası olan şəxslərə dəniz və duzlu su ilə təmas zamanı ehtiyatlı olmağı, dəniz məhsullarını isə yaxşı bişirərək istehlak etməyi tövsiyə edir.

Mənbə: Malatyagüncel.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *