XeberPlus

Ən son xəbərlər

Təhsil

Kənd məktəbləri bağlanacaq? – Ekspertdən AÇIQLAMA

Kənd məktəblərində şagird sayının azalması son illərdə təhsil sahəsində müzakirə olunan məsələlərdən birinə çevrilib. Şagird sayı az olan məktəblərin fəaliyyətinin davam etdirilməsi və ya bağlanması ilə bağlı yanaşmalar isə fərqli fikirlər doğurur. Belə məktəblərin bağlanması yalnız təhsil müəssisəsinin fəaliyyətinə deyil, kənddə yaşayan uşaqların təhsilə çıxış imkanlarına və ümumilikdə kəndlərin sosial həyatına da təsir göstərə bilər. Bu baxımdan, azsaylı şagirdi olan kənd məktəblərinin qorunması üçün hansı alternativ tədbirlərin görülə biləcəyi məsələsi aktuallaşır. Hətta Elm və Təhsil naziri Emin Əmrullayev şagird sayı az olan məktəblərin bağlanılmasına baxıldığını qeyd edib.

Bəs, kənd məktəblərinin bağlanmasının qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Torino Universitetinin doktorantı və təhsil eksperti Etibar Vəzirov XeberPlus.com-a açıqlamasında bildirib ki, şagird sayının az olması məktəbi bağlamaq üçün səbəb olmamalıdır:

“Şagird sayının azalması kənd məktəbləri üçün real problemdir, lakin məktəbin bağlanması ilk deyil, sonuncu variant kimi nəzərdən keçirilməlidir. Çünki kənd məktəbi yalnız təhsil müəssisəsi deyil, eyni zamanda həmin yaşayış məntəqəsinin sosial həyatının əsas dayaqlarından biridir. Məktəbin bağlanması uzunmüddətli perspektivdə ailələrin kənddən köçünü daha da sürətləndirə və nəticədə şagird sayının azalması problemini dərinləşdirə bilər. Buna görə də bütün məktəblərə eyni meyarla yanaşmaq əvəzinə alternativ modellər tətbiq etmək daha məqsədəuyğundur”.

Mütəxəssis bağlanmaq təhlükəsi yüksək olan məktəblər üçün bir sıra alternativ variantlarıda təklif edib:

“Şagird sayı az olan məktəblərdə birləşdirilmiş siniflərdən, müəllimlərin bir neçə yaxın kənd məktəbi arasında bölüşdürülməsindən, hibrid və rəqəmsal tədris imkanlarından istifadə edilə bilər. Eyni zamanda ucqar kəndlərdə çalışan müəllimlər üçün əlavə maddi və sosial stimullar yaradılmalıdır. Əgər müəyyən məktəbin fəaliyyətinin davam etdirilməsi həqiqətən mümkün deyilsə, bağlanmadan əvvəl uşaqların digər məktəbə təhlükəsiz və pulsuz daşınması, yol məsafəsi və xüsusilə ibtidai sinif şagirdlərinin vəziyyəti nəzərə alınmalıdır. Yəni əsas meyar yalnız “bir şagirdə düşən xərc” deyil, uşağın keyfiyyətli təhsilə real çıxışı olmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, mövcud təhsil sistemində az şagirdli məktəblər üçün yeni modellər tətbiq ediməlidir:

“Ən optimal yanaşma məktəbləri sadəcə bağlamaq deyil, şagird sayı az olan kəndlər üçün ayrıca, daha çevik və iqtisadi cəhətdən dayanıqlı məktəb modelinin yaradılmasıdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *