İndoneziyada yerləşən Anak Krakatau vulkanında gecə saatlarında baş verən püskürmə balıqçı qayığındakı kamera tərəfindən görüntülənib. Görüntülərdə dənizdəki güclü dalğalar arasında vulkandan yüksələn lava və tüstü aydın şəkildə əks olunub.
Sakit okeandakı “Alov Halqası” üzərində yerləşən İndoneziyada 120-dən çox aktiv vulkan var və bölgədə tez-tez vulkanik fəaliyyət müşahidə olunur.
Anak Krakatau vulkanı təxminən 30 saniyə davam edən püskürmə ilə aktivliyini göstərib. Mütəxəssislər vulkanın fəaliyyətinin bir neçə gündür artdığını bildirib.
Püskürmədən sonra yayılan vulkan külü İndoneziyanın qərb bölgələrinə çatıb. Paytaxt Cakartadakı Soekarno-Hatta hava limanında təhlükəsizlik səbəbilə bəzi uçuşlar müvəqqəti dayandırılıb, bir sıra reyslər təxirə salınıb.
Rəsmilər hadisə nəticəsində ölən və yaralanan olmadığını açıqlayıb. Ərazidə yaşayanlara və turistlərə vulkanın kraterinə 3 kilometrdən yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Anak Krakatau vulkanı 2018-ci ildə baş verən güclü püskürmə ilə də yadda qalıb. Həmin hadisə Sumatra və Yava sahillərində sunamiyə səbəb olmuş, nəticədə 430-dan çox insan həyatını itirmişdi.
Mənbə: Euronews







