Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən ADIHEX 2026 Beynəlxalq Ovçuluq və Atçılıq Sərgisində nadir ağ rəngli şahin rekord qiymətə satılıb.
“Qarmousha Pure Ultra White” adlı saf ağ şahin açıq artırmada 1,5 milyon BƏƏ dirhəminə (təxminən 700 min manata yaxın) alıcı tapıb. Bu qiymət sərginin builki buraxılışında qeydə alınan ən yüksək satış məbləği olub.
Çəkisi cəmi 1 kiloqram olan şahin ABŞ-dakı Mark Moglich Falcon Farm təsərrüfatına məxsus idi. Quş özünəməxsus tam ağ rəngi və nadir fiziki xüsusiyyətləri ilə iştirakçıların böyük marağına səbəb olub.
Satış, BƏƏ-də min illərdir davam edən şahincilik ənənəsinin və mədəni əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilib. Açıq artırma ADIHEX tarixində ən geniş şahin satış proqramlarından birinin tərkib hissəsi olub.







