Çörək gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. Lakin son illərdə arıqlamaq və daha sağlam qidalanmaq istəyən insanların bir qismi çörəkdən tamamilə imtina edir.
Bəs çörəyi rasiondan çıxardıqda orqanizmdə hansı dəyişikliklər baş verir?
“XeberPlus.com” mövzu ilə bağlı araşdırma edib:
Çörəyi yeməməyin təsiri onun hansı məhsullarla əvəzlənməsindən və ümumi qidalanma tərzindən asılıdır. Əgər ağ çörək və digər rafinə olunmuş un məmulatları azaldılırsa, gündəlik karbohidrat və ümumi kalori qəbulu da aşağı düşə bilər. Bu isə bəzi insanlarda çəkinin azalmasına səbəb olur.
Digər tərəfdən, çörək orqanizm üçün vacib olan lif, B qrupu vitaminləri və bəzi mineralların mənbəyidir. Belə çörəyi tamamilə menyudan çıxarmaq və onun tərkibindəki faydalı maddələri digər qidalardan almamaq qidalanmanın balansına təsir göstərə bilər.
“The BMJ” jurnalında yayımlanan, 45 araşdırmanın nəticələrinin təhlil edildiyi elmi işdə dənli məhsullardan daha çox istifadə edən insanlarda ürək-damar xəstəlikləri və ölüm riskinin daha aşağı olduğu müəyyənləşdirilib. Alimlər bildiriblər ki, dənli məhsullar lif və orqanizm üçün faydalı digər qida maddələri ilə zəngindir.
Çörəkdən birdən-birə imtina edən bəzi insanlarda ilk günlərdə halsızlıq, baş ağrısı və enerjinin azalması hiss oluna bilər. Bunun səbəbi bədənin daha az karbohidrat qəbul etməyə uyğunlaşması ola bilər. Lakin bu əlamətlər hər kəsdə müşahidə olunmur.
Əslində sağlam qidalanmaq üçün çörəyi tamamilə qadağan etmək şərt deyil. Dənli liflə zəngin çörəklərə üstünlük vermək və ümumi rasionu balanslı qurmaq daha düzgün yanaşmadır. Müəyyən xəstəlik və ya xüsusi pəhriz olduqda isə çörəkdən imtina etməzdən əvvəl həkim və ya dietoloqla məsləhətləşmək faydalıdır.







