Almaniya hava limanında partlayıcı daşıyan dron aşkarlandı
Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı qurğu daşıyan dronun aşkarlanması təhlükəsizlik həyəcanına səbəb olub. Hadisə nəticəsində uçuşların bir hissəsi müvəqqəti dayandırılıb və bir neçə təyyarə başqa hava limanlarına yönləndirilib.
Dron hava limanının yük terminalına yaxın ərazidə, Ukraynaya məxsus “Antonov” yük təyyarəsinin yaxınlığında əməkdaşlar tərəfindən aşkarlanıb.
İlkin yoxlama zamanı dronun üzərində şübhəli qurğunun olduğu müəyyənləşdirilib. Hadisə yerinə hava limanı polisi və partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssislər çağırılıb.
Xüsusi robot vasitəsilə qurğunun detonatoru təhlükəsiz şəkildə zərərsizləşdirilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Almaniya mediasının məlumatına görə, drona yerləşdirilən partlayıcı qurğu nasaz olduğu üçün işə düşməyib. Qurğunun hava limanına gələn zaman zədələnmiş ola biləcəyi ehtimal edilir.
Dron və üzərindəki qurğu sonrakı ekspertiza üçün xüsusi konteynerə yerləşdirilib. Dronun kimə məxsus olduğu və hadisənin motivi hələ müəyyənləşdirilməyib. Almaniyada terror və dövlət təhlükəsizliyi üzrə ixtisaslaşmış qurumlar araşdırmaya qoşulub.
Həmin gecə hava limanında uçuşların dayandırılması səbəbindən DHL şirkətinə məxsus yük təyyarəsi enişi təxirə salaraq yenidən yüksəlib.
Hava limanından təxminən 6 kilometr uzaqlıqda təyyarəyə naməlum uçan obyekt çırpılıb. Yüngül zədələnən təyyarə Hannover hava limanına təhlükəsiz enib.
Polis həmin obyektin başqa bir dron ola biləcəyini nəzərdən keçirir. Hadisələr arasında əlaqənin olub-olmadığı və mümkün təxribat ehtimalı araşdırılır.
Mənbə: Hürriyet





