Antarktidanın buzlaqları arasında yerləşən Erebus dağı maraqlı xüsusiyyətilə diqqət çəkib. Aktiv vulkan atmosferə qiymətli metal hissəcikləri yayması ilə seçilir.
XeberPlus.com xəbər verir ki, Antarktidanın ən yüksək aktiv vulkanı olan Erebus dağı hər gün təxminən 80 qram kristallaşmış qızıl tozu püskürdür.
Məlumata görə, 3 794 metr yüksəklikdə yerləşən Erebus vulkanının püskürtdüyü qazlarla birlikdə havaya yayılan qızıl hissəciklərinin gündəlik dəyəri təxminən 6 min ABŞ dolları qiymətləndirilir.
Alimlər bildirirlər ki, bu qızıl hissəcikləri vulkanın dərinliklərindəki geoloji proseslər nəticəsində yaranır. Kiçik kristallar şəklində yayılan qızıl tozlarının vulkandan təxminən 1000 kilometr uzağa qədər çatdığı müşahidə edilib.
Erebus dağı 1972-ci ildən etibarən davamlı aktivliyi ilə tanınır. Vulkanın kraterlərindən birində dünyanın nadir təbii hadisələrindən biri hesab olunan davamlı lava gölü yerləşir.
Vulkan ilk dəfə 1841-ci ildə britaniyalı tədqiqatçı Ceyms Klark Ross tərəfindən kəşf edilib. Dağ adını Rossun ekspedisiyasında iştirak edən HMS Erebus gəmisindən alıb.
Erebus dağı yalnız geoloji xüsusiyyətləri ilə deyil, həm də tarixdə baş vermiş faciəli hadisə ilə yadda qalıb. 1979-cu ildə Air New Zealand şirkətinə məxsus 901 saylı turist uçuşu bu vulkanın yamacına çırpılıb. Qəza nəticəsində 257 nəfər həyatını itirib.
Bu gün Erebus dağı həm alimlər, həm də təbiət araşdırmaçıları üçün dünyanın ən sirli və öyrənilməsi çətin olan vulkanlarından biri hesab olunur.
Antarktidanın buzlaqları arasında gizlənən Erebus vulkanı təbiətin nə qədər möhtəşəm və gözlənilməz ola biləcəyini göstərən nadir nümunələrdən biridir.







