Texnologiyanın sürətli inkişafı ilə süni intellekt artıq gerçək görüntülərdən seçilməsi olduqca çətin olan foto və videolar yarada bilir. Bəzən qarşımıza çıxan bir görüntü o qədər real təsir bağışlayır ki, onun həqiqi olub-olmadığını müəyyənləşdirmək çətinləşir.
Bəs belə hallarda görüntünün süni intellektlə yaradıldığını hansı detallardan anlamaq və onu reallıqdan necə fərqləndirmək olar?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri, İKT üzrə ekspert Elvin Abbasov XeberPlus.com-a açıqlamasında bildirib ki, diqqətlə izlənilən görüntüləri kiçik detalla Aİ-dan fərqləndirmək olar:
“Süni intellekt modelləri fotorealizm sahəsində inqilab etsə də, bu görüntülərin alqoritmik mənşəyini büruzə verən müəyyən bioloji anomaliyalar və fiziki uyğunsuzluqlar hələ də mövcuddur. İlk növbədə insan anatomiyasına və təbii fakturaya diqqət yetirilməlidir. Süni intellekt adətən əllərin, barmaqların sayının və oynaqların təbii bucaqlarının modelləşdirilməsi xətalarına yol verir. Bununla yanaşı, insan dərisinin həddindən artıq kirşanlanmış, məsaməsiz və plastilin kimi mükəmməl görünməsi, göz bəbəklərinin tam dairəvi olmaması və ya işıq əks olunmalarının müxtəlif bucaqlardan düşməsi görüntünün saxtalığına dəlalət edən əsas bioloji əlamətlərdir”.
Mütəxəssis qeyd edib ki, süni görüntülərdə ən inandırıcı hissə belə ətrafındakı uyğunsuz detallarla özünü ələ verə bilər:
“Vizual işıqlandırma, kölgə həndəsəsi və arxa fon təfərrüatları da süni intellekt tərəfindən yaradılan məzmunları ifşa edən mühüm amillərdəndir. Generativ alqoritmlər əsas obyekti mükəmməl işləsə də, arxa fondakı insan üzlərini adətən ərimiş və təhrif olunmuş şəkildə formalaşdırır. Şəkildəki müxtəlif obyektlərə düşən işıq və kölgə istiqamətlərinin bir-birinə cavab verməməsi, saç tellərinin dumanlı görünməsi, binaların və çəpərlərin geometrik xətlərindəki qırıqlıqlar alqoritmin fizika qanunlarını tam mənimsəyə bilməməsini göstərir. Həmçinin görüntüdəki geyimlərin, küçə lövhələrinin üzərindəki yazıların real əlifbaya bənzəyən, lakin oxunmayan saxta simvollardan ibarət olması da tez-tez rast gəlinən indikatorlardandır”.
Həmsöhbətimiz vurğulayıb ki, rəqəmsal tətbiqlərdən istifadə ilə də reallığı və saxtalığı müəyyən etmək mümkündür:
“Vizual baxış yetərli olmadıqda isə məsələni dəqiqləşdirmək üçün rəqəmsal və texniki analiz alətlərindən istifadə edilməlidir. Google Images, Yandex və ya TinEye vasitəsilə əks foto axtarışı edərək görüntünün internetdəki ilk mənbəyini tapmaq mümkündür. Eyni zamanda, Hive Moderation və ya Illuminarty kimi xüsusi analitik təhlil platformaları şəklin piksel və tezlik strukturunu skan edərək onun generativ alətlərlə yaradılma ehtimalını faizlə göstərir. Son olaraq, müasir alətlər tərəfindən görüntünün EXIF məlumatlarına daxil edilən Content credentials rəqəmsal imzasını və metadatanı yoxlamaqla kontentin rəqəmsal mənşəyini tam dəqiqliklə müəyyən etmək olar”.








