Çində elektrik enerjisi ilə işləyən ağır yük maşınlarının satışında ciddi artım qeydə alınıb. Sentyabr ayında ölkədə satılan ağır yük avtomobillərinin yarıdan çoxunu elektrikli modellər təşkil edib.
XeberPlus.com xəbər verir ki, 2026-cı ilin sentyabrında Çində 33 min 100 elektrikli ağır yük maşını satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Elektrikli modellərin bazar payı isə 50,3 faizə çatıb.
Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə 226 min 400 elektrikli ağır yük maşını satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz çoxdur.
Elektrikli yük maşınlarına marağın artmasının əsas səbəblərindən biri onların istismar xərclərinin daha aşağı olmasıdır. Araşdırmalara görə, bəzi hallarda bu avtomobillər dizellə işləyən yük maşınlarından təxminən 19 faiz daha az xərc tələb edir.
Elektrikli nəqliyyat vasitələrinin yayılması Çində dizel yanacağına olan tələbatı da azaldır. Enerji bazarını təhlil edən “Kpler” şirkətinin proqnozuna görə, 2026-cı ildə ölkədə gündəlik dizel istehlakı ötən illə müqayisədə təxminən 230 min barel azalacaq.
Çin hökuməti 2030-cu ilə qədər yeni enerji mənbələri ilə işləyən ağır yük maşınlarının satışdakı payını 40 faizə çatdırmağı hədəfləyirdi.








