XeberPlus

Ən son xəbərlər

Dünya

Rusiyada ilk hidrogenlə işləyən sərnişin qatarı hazırlandı – 740 kilometr yol gedəcək

Rusiyada hidrogen yanacağı ilə işləyən ilk yerli sərnişin qatarının yığılması tamamlanıb. Yeni qatarın əlavə yanacaq doldurmadan 740 kilometrə qədər məsafə qət edə biləcəyi bildirilir.

XeberPlus.com xəbər verir ki, qatar Moskva yaxınlığındakı Demixovo Maşınqayırma Zavodunda hazırlanıb. Layihə “Transmaşholdinq”,“Rusiya Dəmir Yolları”, “Rosatom” və Saxalin vilayətinin rəhbərliyi tərəfindən həyata keçirilir.

Yeni qatar elektrikləşdirilməmiş dəmir yolu xətlərində dizellə işləyən qatarları əvəz etmək məqsədilə hazırlanıb. Onun iki və üç sərnişin vaqonundan ibarət versiyaları nəzərdə tutulur.

İki sərnişin vaqonlu model hidrogen yanacağı ilə 700 kilometrdən çox məsafə qət edə biləcək. Əlavə batareya sistemi sayəsində bu göstəricinin təxminən 740 kilometrə çatacağı gözlənilir. Üç sərnişin vaqonlu versiyanın isə batareya dəstəyi ilə təxminən 560 kilometr yol gedə biləcəyi bildirilir.

Qatarın hidrogen sisteminin yerləşdiyi ayrıca texniki vaqonu da olacaq. Təhlükəsizliyi təmin etmək üçün bu hissədə hidrogen sızmasını və yanğını aşkar edən xüsusi sensorlar quraşdırılacaq.

Yeni texnologiyanın əsas üstünlüklərindən biri qatarın hərəkəti zamanı yanacağın istifadəsi nəticəsində atmosferə zərərli egzoz qazları əvəzinə su buxarının ayrılmasıdır.

Qatarın ilk sınaqlarının 2026-cı ilin noyabrında başlanması, 2027-ci ildə isə sertifikatlaşdırma və hərəkət sınaqlarının keçirilməsi planlaşdırılır. Onun gələn ilin sonunda Saxalin adasında sərnişindaşıma xidmətinə başlaması gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *