Süni intellektin yaradıcılarından xəbərdarlıq – Bu texnologiya heç inkişaf etdirilməsəydi, daha yaxşı olardı
Süni intellekt sahəsinin qabaqcıl alimlərindən biri, Nobel mükafatı laureatı Cefri Hinton texnologiyanın sürətli inkişafının bəşəriyyət üçün ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
XeberPlus.com “The Guardian” nəşrinə istinadən xəbər verir ki, alim süni intellektin 2026-cı ilin sonuna və ya 2027-ci ildə ciddi böhrana səbəb ola biləcəyini bildirib.
Hintonun sözlərinə görə, süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar elektrik təchizatı sistemlərinin fəaliyyətini poza və ya maliyyə sistemlərini müvəqqəti olaraq sıradan çıxara bilər. O, belə hadisələrin dövlətləri və texnologiya şirkətlərini təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa məcbur edə biləcəyini düşünür.
Alim süni intellektin nəzarətsiz inkişafının işsizliyin artmasına və cəmiyyətdə ciddi sosial problemlərin yaranmasına gətirib çıxara biləcəyini də vurğulayıb.
Hinton “OpenAI” şirkətinin rəhbəri Sem Altman, “Meta”nın rəhbəri Mark Zukerberq və Elon Mask kimi texnologiya sahəsinin tanınmış şəxslərini də tənqid edib. Onun fikrincə, böyük texnologiya şirkətlərinin rəhbərləri süni intellektin risklərini başa düşsələr də, maliyyə maraqlarını təhlükəsizlik məsələlərindən üstün tuturlar.
Alim süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl müstəqil qurumlar tərəfindən yoxlanılmasını təklif edib. O, bu prosesi yeni dərmanların satışına icazə verilməzdən əvvəl aparılan təhlükəsizlik sınaqları ilə müqayisə edib.
Bununla belə, Hinton süni intellektin gələcəyinə tamamilə bədbin yanaşmadığını bildirib. Onun sözlərinə görə, texnologiya düzgün idarə olunarsa, insanların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və yeni imkanlar yarada bilər.
Qeyd edək ki, Cefri Hinton 2023-cü ildə “Google” şirkətindən ayrılıb.








