ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus “Swift” kosmik teleskopunun noyabrın 4-də Yer atmosferinə daxil olacağı gözlənilir. Təxminən 22 ildir kosmosda fəaliyyət göstərən teleskopun bəzi hissələrinin Yer səthinə çatması ehtimal olunur.
XeberPlus.com xəbər verir ki, NASA-nın məlumatına əsasən, “Neil Gehrels Swift” adlı kosmik rəsədxana orbitdə hündürlüyünü itirdiyinə görə Yer atmosferinə doğru yaxınlaşır.
2004-cü il noyabrın 20-də kosmosa göndərilən teleskopun ilkin olaraq cəmi iki il fəaliyyət göstərməsi planlaşdırılmışdı. Lakin cihaz 20 ildən çox müddətdə kosmik müşahidələr apararaq astronomiya sahəsində mühüm elmi məlumatlar toplayıb.
Son illərdə Günəş fəallığının artması Yer atmosferinin yuxarı qatlarının genişlənməsinə səbəb olub. Nəticədə atmosferin müqaviməti teleskopun orbitini tədricən aşağı salıb. NASA cihazın fəaliyyət müddətini uzatmaq üçün xüsusi xilasetmə missiyası təşkil etsə də, texniki problemlər səbəbindən bu cəhd uğursuz olub.
NASA bildirir ki, təxminən 1,5 ton ağırlığında olan teleskopun böyük hissəsi atmosferə daxil olarkən yüksək temperatur nəticəsində yanaraq parçalanacaq. Bununla belə, bəzi möhkəm metal hissələrin Yer səthinə çatması mümkündür.
Teleskopun orbitinin xüsusiyyətlərinə görə, mümkün qalıqlar ekvatordan təxminən 20,6 dərəcə şimal və cənub enlikləri arasındakı ərazilərə düşə bilər. Bu zonaya geniş okean sahələri də daxildir. Mütəxəssislər insanlara zərər dəyməsi ehtimalının aşağı olduğunu bildirirlər.
Teleskop həmçinin qara dəliklər, fövqəlnova partlayışları və digər kosmik hadisələrin araşdırılmasında mühüm rol oynayıb.
NASA və ABŞ Kosmik Qüvvələri teleskopun hərəkətini izləməyə davam edir. Onun atmosferə daxil olacağı vaxt və mümkün qalıqların düşəcəyi ərazilər barədə yeni məlumatların açıqlanması gözlənilir.








