“Apple” şirkəti yeni nəsil “MacBook Pro” kompüterlərini təqdim edib. Şirkət ilk dəfə olaraq “iPhone” istifadəçilərinə tanış olan “Dynamic Island” funksiyasını “MacBook” modellərinə əlavə edib.
XeberPlus.com xəbər verir ki, yeni funksiya 14 və 16 düymlük “MacBook Pro” modellərində istifadəyə verilib. “Dynamic Island” ekranın yuxarı hissəsində yerləşərək istifadəçilərə müxtəlif məlumatları və bildirişləri interaktiv şəkildə göstərir.
Bu funksiya vasitəsilə istifadəçilər işlədikləri proqramdan çıxmadan gələn zənglərə cavab verə, musiqini idarə edə, fayl paylaşımlarını izləyə və digər bildirişlərə baxa biləcəklər.
“Dynamic Island” həmçinin “Spotlight” axtarış sistemi və süni intellektlə təkmilləşdirilmiş “Siri” ilə birlikdə işləyir. Bunun sayəsində istifadəçilər kompüterdə axtarış apara və süni intellektə suallar ünvanlaya biləcəklər.
Yeni “MacBook Pro” modellərinin əsas yeniliklərindən biri də sensor ekranla təchiz olunmasıdır. Beləliklə, istifadəçilər ekrana toxunaraq müxtəlif əməliyyatları yerinə yetirə və “Dynamic Island” funksiyasını birbaşa idarə edə biləcəklər.
Kompüterlər “PROLED XDR” adlı yeni OLED ekran texnologiyası, “M5 Pro” və “M5 Max” prosessorları ilə təchiz edilib. Bundan əlavə, modellərdə “Wi-Fi 7”, “Bluetooth 6” dəstəyi və 24 saata qədər batareya ömrü nəzərdə tutulub.
Yeni modellər əvvəlki versiyalarla müqayisədə daha nazik və yüngül korpusa malikdir. Şirkət bu dəyişikliklərlə həm daşınma rahatlığını, həm də peşəkar istifadəçilər üçün iş imkanlarını artırmağı hədəfləyir.
“Apple”ın açıqlamasına görə, yeni “MacBook Pro” modelləri üçün əvvəlcədən sifarişlər oktyabrın 28-də başlayıb. Kompüterlərin noyabrın 6-dan etibarən satışa çıxarılması nəzərdə tutulur.









