XeberPlus

Ən son xəbərlər

Texnologiya

Instagramda artıq uzun videolar paylaşmaq mümkün olacaq

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan “Instagram” istifadəçilər üçün yeni video funksiyasını sınaqdan keçirməyə başlayıb. Yenilik sayəsində platformada 90 dəqiqəyə qədər davam edən videolar paylaşmaq mümkün olacaq.

XeberPlus.com xəbər verir ki, “Meta” şirkətinə məxsus sosial şəbəkə “Features” adlı yeni video formatı üzərində işləyir. Bu funksiya “Instagram”ın qısamüddətli videolarla yanaşı, uzun videoların yayımlandığı platformaya çevrilməsini hədəfləyir.

“Instagram”ın rəhbəri Adam Mosseri bildirib ki, uzun videoların tətbiqi əvvəllər istifadəçilər arasındakı qarşılıqlı əlaqəni azalda biləcəyi üçün məqsədəuyğun hesab edilmirdi. Lakin şirkət indi qısa və uzun videoların bir-birini tamamlayacağı yeni sistem hazırlayır.

Yeni funksiya xüsusilə podkastlar, müsahibələr, əyləncə proqramları və digər uzunmüddətli video məzmunlar hazırlayan istifadəçilər üçün nəzərdə tutulub. Beləliklə, məzmun yaradıcıları videolarını hissələrə bölmədən paylaşa biləcəklər.

Bununla yanaşı, “Clips as Reels” adlı əlavə funksiyanın da istifadəyə verilməsi planlaşdırılır. Bu yenilik uzun videolardan qısa “Reels” parçaları hazırlamağa və izləyiciləri videonun tam versiyasına yönləndirməyə imkan verəcək.

Şirkət yeni video formatını televizorlarda da əlçatan etməyi planlaşdırır. Bununla istifadəçilər böyük ekranlarda uzunmüddətli videolara baxa biləcəklər.

Hazırda yeni funksiya Braziliyada və ABŞ-da məhdud sayda istifadəçi tərəfindən sınaqdan keçirilir. Onun bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *