Tailandın paytaxtı Banqkokda yerləşən Suvarnabhumi Beynəlxalq Hava Limanında qeyri-adi hadisə baş verib.
XeberPlus.com xəbər verir ki, “Boeing 737-800” tipli təyyarə Banqkokdan Tayvanın Qaosyun şəhərinə uçmağa hazırlaşarkən 02R uçuş-enmə zolağında hərəkətsiz qalıb.
Hadisədən sonra təyyarədəki sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunublar. Yerüstü xidmət əməkdaşları təxminən beş saat davam edən əməliyyatdan sonra təyyarəni həmin ərazidən çıxararaq texniki baxış üçün başqa yerə aparıblar.
Enmə zolağının zədələnmiş hissəsində təmir işləri aparılıb. Hadisə hava limanının fəaliyyətinə də təsir göstərib və ümumilikdə beş aviareysin gecikməsinə səbəb olub.
Tailandın nəqliyyat rəsmiləri hadisə ilə bağlı araşdırmaya başlayıblar. İlkin məlumatlara görə, son dövrlərdə yağan güclü yağışlar və yeraltı suyun səviyyəsinin yüksəlməsi enmə zolağının səthini zəiflədib. Təyyarənin ağırlığı nəticəsində həmin hissədə çökmə baş verib.
Mütəxəssislər enmə zolağında daha geniş təmir işlərinə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün yoxlamalar aparıblar. Oxşar hadisələrin qarşısını almaq məqsədilə hava limanındakı digər hərəkət zolaqlarının da yoxlanılması tapşırılıb.








