Alimlər səthi ərimiş qayalarla örtülü olan və həddindən artıq yüksək temperaturun hökm sürdüyü “TOI-561 b” adlı planetdə qeyri-adi qoruyucu mexanizmin mövcudluğuna dair yeni məlumatlar əldə ediblər. Araşdırmaya görə, planet Günəş kreminə bənzər təbii qoruyucu təbəqə sayəsində atmosferini qoruyub saxlaya bilir.
XeberPlus.com xəbər verir ki, kəşf “James Webb” Kosmik Teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində ortaya çıxıb. Alimlər planetin ətrafında ulduz işığını əks etdirən mineral buludların mövcud ola biləcəyini müəyyənləşdiriblər.
Kanadanın Vaterloo Universitetinin professoru Liza Danqın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu planeti 37 saat ərzində müşahidə edib. Bu müddətdə planetin temperaturu və parlaqlığındakı dəyişikliklər araşdırılıb.
Nəticələr göstərib ki, “TOI-561 b” üzərinə düşən ulduz işığının təxminən 75 faizini kosmosa geri əks etdirir. Alimlərin fikrincə, bunun səbəbi atmosferdə silisium dioksid və maqnezium silikat kimi minerallardan ibarət buludların yaranması ola bilər.
Bu buludlar ulduzdan gələn şüaların böyük hissəsini əks etdirərək planetin həddindən artıq qızmasını məhdudlaşdırır. Tədqiqatçılar həmin mexanizmi insan dərisini qoruyan Günəş kreminə bənzədirlər.
Alimlər hesab edirlər ki, planetin səthindəki nəhəng lava okeanı da atmosferin qorunmasında mühüm rol oynaya bilər. Ərimiş qayalardan ayrılan qazların atmosferi davamlı olaraq yenilədiyi ehtimal olunur.
Bununla belə, “TOI-561 b”-nin atmosferinin dəqiq kimyəvi tərkibi hələ müəyyənləşdirilməyib. Tədqiqatçılar gələcək müşahidələrin planetin milyardlarla il ərzində atmosferini necə qoruyub saxladığını daha ətraflı izah edəcəyinə ümid edirlər.








