Dünyanın məşhur süni intellekt modelləri üzərində aparılan maraqlı təcrübə diqqət çəkən nəticələr ortaya qoyub.
XeberPlus.com xəbər verir ki, “ModelCompare” platformasının keçirdiyi təcrübədə “ChatGPT”, “Claude”, “Gemini”, “Grok” və “DeepSeek” də daxil olmaqla 12 süni intellekt modelinə insanlar haqqında ən mübahisəli fikirləri soruşulub.
Ümumilikdə 35 cavabdan 29-da oxşar fikir səsləndirilib. Modellərə görə, insanlar bəzən haqlı olmaqdan çox, ətrafındakı insanlarla eyni düşüncəni bölüşməyə üstünlük verirlər.
Xüsusilə “Grok” modelinin cavabı diqqət çəkib. Süni intellekt insanların təkbaşına haqlı olmaqdansa, başqaları ilə birlikdə yanılmağa daha çox meyilli olduğunu bildirib.
Lakin bütün modellər insanlara tənqidi yanaşmayıb. “Claude” modellərindən biri insanların əslində düşündüklərindən daha xeyirxah olduğunu və yad insanlara belə kömək etməyə hazır olduqlarını vurğulayıb.
Təcrübədə süni intellektlə şəkil yaradan sistemlərə də oxşar tapşırıq verilib. Onların hazırladığı görüntülərin əksəriyyətində insanların texnologiyadan həddindən artıq asılılığı və ətraf mühitə vurduğu zərər ön plana çıxıb.
Araşdırma müəllifləri bildirirlər ki, bu nəticələr insanların davranışları haqqında elmi sübut hesab edilə bilməz. Cavablar süni intellekt modellərinin öyrədildiyi məlumatlardan və verilən sualların formasından təsirlənə bilər.
Bununla belə, fərqli süni intellekt sistemlərinin insan davranışları barədə bu qədər oxşar cavablar verməsi maraqlı müzakirələrə səbəb olub.








